Kapital Bank öz müştəriləri üçün daha üstün dəyər və keyfiyyət yarada bilib | Banco.az

Kapital Bank öz müştəriləri üçün daha üstün dəyər və keyfiyyət yarada bilib

Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Bankın müştərilərinə müraciət edib.

Müraciətdə deyilir:

“Dəyərli müştərilər! İlk növbədə, qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sizi və doğmalarınızı “Kapital Bank” ASC-nin kollektivi adından səmimi qəlbdən təbrik edirəm.

Ölkəmizin yüksək sosial-iqtisadi inkişaf dinamikasına paralel 2014-cü il Kapital Bank üçün də uğurlarla zəngin, ardıcıl dəyişikliklər ili kimi yadda qaldı. Bankın inkişaf strategiyasına uyğun olaraq hazırladığımız yeni məhsul və xidmətlərə sizin münasibətinizi müəyyən etmək bizim üçün çox önəmli idi. Ona görə 2014-cü ili Kapital Bankın həyatında sınaq ili də adlandıra bilərdik. İlin nəticələri seçdiyimiz strateji xəttin, müəyyən edilmiş hədəflərin düzgünlüyünü göstərir. Müştəriyönümlü məhsul və xidmətlərimiz ölkənin maliyyə bazarında sizin rəğbətinizlə qarşılandı, qısa müddətdə geniş müştəri marağı cəlb etdi və Bankın inkişafına təkan verdi.

Bu dinamikanı Kapital Bankın əsas fəaliyyət göstəricilərində də izləmək olar. 2014-cü ildə Bankın aktivləri ötən illə müqayisədə 34,5 faiz, kredit portfeli 24,9 faiz, depozit portfeli 75,4 faiz artıb. Digər əsas maliyyə göstəricilərində də nəzərə çarpacaq artımlar izlənir.

Kapital Bankın 2014-cü ildə əldə etdiyi mühüm nailiyyətlər “Fitch” Beynəlxalq Reytinq Agentliyinin Banka verdiyi yeni reytinqlərdə də öz əksini tapmışdır. Bankın dayanıqlıq reytinqi –b səviyyəsindən b səviyyəsinə qədər yüksəldilmişdir. Agentliyin şərhində Kapital Bankın dayanıqlıq reytinqindəki bu müsbət dəyişiklik son dövrlər Bankda müşahidə edilən davamlı inkişaf prosesləri və güclü kapitallaşma ilə əsaslandırılmışdır. Bu faktın özü də Kapital Bankın yeni inkişaf strategiyasının və biznes planının uğurla reallaşdırıldığını göstərir. Bütün bu nailiyyətlər onların təməlində Kapital Bankın korporativ dəyərlərinin - şəffaflıq, keyfiyyət və effektivlik prinsiplərinin dayandığını göstərir.

Bizim müştərilərimizin mühüm bir hissəsi Azərbaycan Respublikası regionlarının payına düşür. "Business Insight" şirkəti 2014-cü ilin sonlarında "Azərbaycan sakinlərinin həyat üslubu" mövzusunda araşdırma apararaq regionlarda istehlak kreditləri verən banklar arasında lider bankı müəyyən etməyə çalışmış və bu araşdırmanın lideri məhz Kapital Bank olmuşdur. Burada Kapital Bankın Azərbaycanda ən geniş xidmət şəbəkəsinə malik bank olmasının, filiallarımızın müştərilər üçün əlçatanlığının, təbii ki, müəyyən rolu vardır. Amma biz bu nəticəni həm də regional bazarlarda yetərincə ciddi rəqabət şəraitində əldə etmişik. Bu da onu göstərir ki, Kapital Bankın təklif etdiyi məhsul və xidmətlər daha sərfəliliyinə, prosedurların sadəliyinə görə üstünlük qazana bilib. Başqa sözlə, biz öz müştərilərimiz üçün daha üstün dəyər və keyfiyyət yarada bilmişik.

Regionlarımızın inkişafına dəstək, bölgələrdə yaşayan insanların bank xidmət və məhsullarına olan ehtiyaclarının qarşılanması baxımından belə bir lider mövqeyi bizim üçün çox sevindiricidir və bu nailiyyəti gələcəkdə də qorumaq istərdik.

Bu gün Kapital Bankın öz fəaliyyətində tətbiq etdiyi innovativ bankçılıq texnologiyalarının praktikada özünü doğrultması, korporativ dəyərlərimizin qorunması yüksək bilik və bacarıqlara malik əməkdaşlardan çox asılıdır. Ona görə də işçi personalının yenilənməsini, komandaya tam obyektiv seçim əsasında gənc peşəkarların cəlb olunmasını, onların karyera irəliləyişinin dəstəklənməsini önəmli sayırıq.

Kapital Bank ümumi maraqlar ətrafında birləşmiş peşəkarlardan ibarət komanda formalaşdırır. Komanda ruhunun yüksəlişi, əməkdaşların fəaliyyətinin stimullaşdırılması bizim üçün çox mühümdür. Bu məqsədlə ötən ilin sonlarında Kapital Bankda insan kapitalı mərkəzini - Human Kapital Center-i yaratdıq. Mərkəzin əsas missiyası biznes tələblərinə, Bankın strateji məqsədlərinə uyğun peşəkar komandanın formalaşdırılmasıdır.

Human Kapital Center korporativ təlim və inkişaf sisteminin qurulmasını və təkmilləşdirilməsini, korporativ mədəniyyətin yüksəlişini təmin edir. İstedadlı kadrların axtarışını, işə qəbulunu həyata keçirir. İşçilərin karyera irəliləyişinə dəstək verir. Əməkdaşların peşəkarlıq səviyyəsini daim inkişaf etdirməklə Bankın Baş ofisinin və filial şəbəkəsinin peşəkar kadrlara olan ehtiyaclarını təmin edir.

Ən sərfəli kredit üçün müraciət et

Ötən il Kapital Bankın yerli struktur bölmələri üzrə attestasiya və qiymətləndirmə prosesini də uğurla həyata keçirdik, nəticələr komandanın inkişafı baxımından faydalı oldu.

Kapital Bank ənənəvi bankçılıq fəaliyyəti ilə yanaşı yerinə yetirdiyi korporativ sosial məsuliyyət layihələri ilə də cəmiyyətimizdə öz dəyərlərini yaratmağa çalışır. Bankın sosial məsuliyyət layihələrində bir sıra istiqamətlər müəyyənləşib. Bunlar idmanın inkişafı, müxtəlif sosial problemlərin həllinə dəstək, mədəni sərvətlərimizin qorunması və təbliği, cəmiyyətin savadlanmağa, intellektual inkişafa həvəsləndirilməsi və s. kimi istiqamətlərdir.

Ötən il həyata keçirdiyimiz sosial məsuliyyət layihələrinin əhatəsi kifayət qədər geniş oldu. Regionlarda futbolun inkişafı məqsədilə reallaşdırdığımız belə layihələrdən biri “Sumqayıt” Futbol Klubu ilə birgə həyata keçirdiyimiz “Kapital Bank Arena” layihəsi idi. Bankla Klub arasında bağlanmış müqaviləyə uyğun olaraq Klubun stadionu ölkə Premyer-liqasının 2014-2015-ci il mövsümündə “Kapital Bank Arena” adlanır. Kapital Bank Sumqayıt Futbol Klubunun Sumqayıt şəhər məktəblərində sağlam həyatın təbliği məramı ilə həyata keçirdiyi layihələrdə də yaxından iştirak edir. Bu missiyanın davamı kimi “Zirə” Futbol Klubu ilə də tərəfdaşlıq əlaqələrimiz vardır.

Bundan başqa, Kapital Bank 13-15 iyun 2014-cü ildə Bakıda keçirilən bədii gimnastika üzrə 30-cu Avropa çempionatına sponsorluq etdi. Xatırladım ki, Kapital Bankla Avropa Gimnastika İttifaqı arasında tərəfdaşlıq sazişi var və bu, dünyanın müxtəlif ölkələrində təşkil edilən beynəlxalq yarışlarda ölkəmizin təbliği üçün daha bir imkan yaradır.

Cəmiyyətimizin intellektual inkişafına yönələn “Breyn-Rinq” yarışına sponsorluq köməyinin göstərilməsi, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış Xocalı köçkünləri üçün içməli su hövzəsinin inşası, talassemiyalı uşaqlar üçün qanvermə aksiyasının təşkili, Azərbaycan caz musiqisi nümunələrinin toplandığı “Milli caz” albomunun hazırlanması və s. bu kimi işlər də Kapital Bankın ötən il ərzində reallaşdırdığı sosial məsuliyyət layihələrinin müəyyən hissəsidir.

Əziz müştərilər!

Kapital Bank özünün strateji inkişaf xəttində ardıcıldır və bu xətti gələcəkdə də davam etdirmək əzmindəyik. Biz – sizləri yüksək xidmət səviyyəsi, dünya standartlarına uyğunluğu ilə məmnun edəcək daha müasir, daha modern Kapital Banka qovuşdurmaq istəyirik. Bu yolda əsas gücümüz sizin inam və güvəninizdir. Bu baxımdan, yeni ildə Kapital Bank qarşısında daha böyük hədəflər durur. Real sektorda iştirak imkanlarının genişləndirilməsi, kifayət qədər özünü doğrultmuş pərakəndə bank məhsullarımızın sizin istəklərinizə uyğun daha da təkmilləşdirilməsi bu hədəflər sırasındadır.

Eyni zamanda, müştəri məmnuniyyətinin yüksəldilməsi məqsədilə filiallarda xidmət şəraitinin yaxşılaşdırılması, xüsusilə bir sıra regional filiallarımızda əsaslı təmir və yenidənqurma işlərinin aparılması hesabına Bankın xidmət şəbəkəsinin vahid korporativ stilə uyğunlaşdırılmasını, modern bankçılıq texnologiyalarının tətbiqini, müştərilərimizlə kommunikasiya imkanlarının artırılması məqsədlərini də növbəti ilin hədəfləri kimi qeyd edə bilərik.

Bankın ümumi inkişaf meyllərini, komandamızdakı dinamizm ruhunu, pozitiv ovqatı, ən əsası isə dəyərli müştərilərimizin bizə getdikcə artan rəğbətini nəzərə alaraq ümid edirik ki, sizin sayənizdə 2015-ci il də Kapital Bank üçün uğurlu bir il olacaqdır.

Sizi kollekitivimiz adından bir daha təbrik edir, uzun ömür, möhkəm can sağlığı, yeni ildə yeni-yeni uğurlar arzulayıram.

milli.az

Ən sərfəli krediti almaq üçün müraciət et