Kanada və Türkiyə azad ticarət müqaviləsi üzrə danışıqlara başlayıb | Banco.az

Kanada və Türkiyə azad ticarət müqaviləsi üzrə danışıqlara başlayıb

Müəllif:Mehin Qasımova,Banco.az

Kanada və Türkiyə azad ticarət sazişinin imzalanması istiqamətində rəsmi danışıqlara başlayıblar.

Banco.az xəbər verir ki, hər iki ölkənin texniki nümayəndə heyətləri müqavilənin əhatə dairəsini və əsas məqsədlərini müəyyənləşdirəcək. Tərəflər qarşıdakı aylarda keçiriləcək danışıqların ilk mərhələsinə hazırlıq işləri aparacaqlar.

Qərar Türkiyənin ev sahibliyi ilə keçirilən NATO Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Kanadanın Baş naziri Mark Karni arasında baş tutan görüşdən sonra açıqlanıb.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşek, Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran, eləcə də Prezidentin təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.

Azad ticarət sazişi qüvvəyə minəcəyi təqdirdə, iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsi, gömrük maneələrinin azaldılması və qarşılıqlı investisiyaların təşviqi üçün yeni imkanlar yaradacağı gözlənilir.