2013-cü ildən fəaliyyət göstərən BOKT “İnternational” ASC ölkənin aparıcı kredit təşkilatlarından biri kimi bu gün də şəffaf və stabil artım tempini davam etdirir. Qurumun beynəlxalq standartlara uyğun fəaliyyəti növbəti dəfə auditorlar tərəfindən "müsbət rəy"lə qiymətləndirilib. Cari kredit portfeli 53 milyon manata, ümumi aktivləri isə 60 milyon manatdan artıq göstəriciyə sahib olan BOKT-un əldə etdiyi son nailiyyətlər, kapital adekvatlığı və gələcək rəqəmsal planları barədə Banco.az-ın suallarını BOKT “İnternational” ASC-nin İdarə Heyətinin üzvü Kamil Lətifov cavablandırıb:
- Kənar audit yoxlamasının ümumi nəticələri necə olub? Auditor rəyi necədir?
- Auditin yekununda təşkilatımızın maliyyə hesabatlarına “müsbət rəy” təqdim olunub. Bu onu göstərir ki, təşkilatın fəaliyyəti, maliyyə hesbatlılığı şəffafdır. Təşkilatın real maliyyə vəziyyətini, gəlirlərini, aktivlərini, öhdəliklərini və əməliyyat nəticələrini şəffaf şəkildə əks etdirir. Həmçinin maliyyə hesabatları beynəlxalq maliyyə hesabatları standartlarına uyğun hazırlanıbdır.
Bu nəticə həm tənzimləyici qurumlar, həm investorlar, həm də tərəfdaş maliyyə institutları üçün mühüm etimad göstəricisidir.
- Audit hesabatına əsasən, ötən maliyyə ili üzrə əsas maliyyə göstəricilərində hansı dəyişikliklər qeydə alınıb?
- 2025-ci ilin maliyyə nəticələri şirkətimizin dayanıqlı inkişaf mərhələsində olduğunu bir daha təsdiqləyir. Audit hesabatına əsasən, ötən illə müqayisədə aktivlərimiz təxminən 15 milyon manat artaraq əhəmiyyətli böyümə nümayiş etdirib. Bu artım həm kredit portfelinin genişlənməsi, həm də maliyyə resurslarımızın daha effektiv idarə olunması ilə bağlıdır.
Kapital göstəricilərimizdə 2 milyon manatdan artıq artım qeydə alınıb ki, bu da şirkətin maliyyə dayanıqlığının və gələcək inkişaf potensialının gücləndiyini göstərir. Xalis mənfəət isə 800 min manat civarında artıb. Mənfəətlilikdəki bu müsbət dinamika əməliyyat effektivliyinin yüksəlməsi, risklərin düzgün idarə olunması və kredit portfelinin keyfiyyətinin qorunması ilə bağlıdır.
Ümumilikdə, bu göstəricilər BOKT-un bazardakı mövqeyinin möhkəmləndiyini və uzunmüddətli inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir.
- Auditorlar kredit portfelinin keyfiyyətini necə qiymətləndiriblər?
- Audit nəticələrinə əsasən, kredit portfelimizin keyfiyyəti qənaətbəxş və dayanıqlı qiymətləndirilib. Cari kredit portfelimiz 53 mln təşkil edir, keçən illə müqayisədə portfelimiz 15 mln artıbdır.
PAR göstəricilərimiz də bazara uyğun olaraq tənzimlənir.
- Audit qiymətləndirilməsinə əsasən Təşkilatın öhdəliklərini yerinə yetirmə qabiliyyəti hansı səviyyədədir?
- Audit nəticələri göstərir ki, BOKT-un likvidlik mövqeyi kifayət qədər güclüdür və şirkət öz cari və uzunmüddətli öhdəliklərini vaxtında icra etmək imkanına malikdir. Buna təşkilatın kapitalı və aktivləri imkan verir. Hazırda təşkilatın aktivləri 60 milyon manatdan artıqdır və bu göstərici maliyyə dayanıqlığımızın mühüm indikatorlarından biridir.
- Kapital adekvatlığı göstəriciləri gələcək inkişafı dəstəkləmək üçün yetərlidirmi?
- Audit hesabatı göstərir ki, kapital adekvatlığı göstəricilərimiz həm mövcud fəaliyyətin davamlılığı, həm də gələcək inkişaf planlarının maliyyələşdirilməsi baxımından kifayət qədər güclüdür.
Kapitalımız 2025 il sonuna 14 154 min AZN təşkil edir. Keçən illə müqayisədə 2 mln artım olubdur. Bu da əsas dayanıqlıq göstəricilərindən biridir.
- Vergi öhdəlikləri ilə bağlı auditorların hər hansı iradı olubmu?
- Xeyr. Audit zamanı vergi uçotu, vergi öhdəliklərinin hesablanması və maliyyə hesabatlarında düzgün əks etdirilməsi məsələləri ətraflı yoxlanılıb və hər hansı uyğunsuzluq müəyyən edilməyib.
Bu nəticə maliyyə intizamına və şəffaf vergi siyasətinə verdiyimiz önəmin göstəricisidir.
- Auditorların BOKT-un maliyyə sağlamlığının daha da gücləndirilməsi üçün verdiyi əsas idarəetmə tövsiyələri nələrdən ibarət olub?
-Auditorlar ümumilikdə maliyyə göstəricilərimizi və idarəetmə sistemimizi yüksək qiymətləndiriblər. Bununla yanaşı, davamlı inkişaf prinsipinə uyğun olaraq bir sıra strateji tövsiyələr də təqdim olunub.
Əsas tövsiyələr risklərin idarə olunması sistemlərinin beynəlxalq bazarda formalaşan yeni trendlərə uyğun olaraq daha da təkmilləşdirilməsi, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi və məlumat analitikası imkanlarının genişləndirilməsi ilə bağlı olub.
Bundan əlavə, daxili nəzarət mexanizmlərinin avtomatlaşdırılması və kibertəhlükəsizlik həllərinin daha da gücləndirilməsi istiqamətində tövsiyələr verilib. Biz bu tövsiyələri inkişaf strategiyamızın mühüm hissəsi kimi qiymətləndiririk və mərhələli şəkildə tətbiq etməyi planlaşdırırıq.
- Banklarla əməkdaşlıq edirsinizmi? Hansı formada?
-Bəli, BOKT olaraq ölkənin aparıcı və etibarlı bankları ilə aktiv əməkdaşlıq münasibətlərimiz mövcuddur. Bu əməkdaşlıqlar maliyyə ekosisteminin daha effektiv işləməsinə və resursların daha səmərəli idarə olunmasına xidmət edir.
Əməkdaşlıq əsasən bir neçə istiqamətdə həyata keçirilir: vəsaitlərin cəlbi, kartların emissiyası, hesabların idarə edilməsi və s.
Bu tərəfdaşlıqlar həm şirkətimizin maliyyə dayanıqlığını gücləndirir, həm də müştərilərimiz üçün daha geniş və çevik maliyyə imkanlarının yaranmasına şərait yaradır.
