Müəllif:Ayşən İmanova/Banco.az
“Jaguar” avtomobil markası öz daxili bazarı olan Böyük Britaniyada yeni avtomobillərin satışını dayandırıb.
Banco.az xəbər verir ki, bu barədə “Motor1” şirkətin bəyanatına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, satışın dayandırılması brendin təxminən dörd il əvvəl təqdim etdiyi “Reimagine” strategiyası ilə bağlıdır. Bu strategiyaya əsasən, “Jaguar” 2025-ci ilə qədər lüks elektrikli avtomobil markasına çevrilməlidir.
Bununla əlaqədar olaraq şirkət "E-Pace", "XE", "XF", "F-Type" və "F-Pace" kimi məşhur modellər də daxil olmaqla, Britaniya bazarı üçün daxiliyanma mühərrikli bütün modellərin istehsalını dayandırıb. Yığılmış bütün avtomobillər artıq satılıb.
Qeyd olunub ki, xarici bazarlar üçün "F-Pace" yolsuzluq avtomobilləri hələ də istehsal olunur, lakin onların da günləri sayılıdır.
"Jaguar"ın hazırkı strategiyasına görə, brend BMW, "Mercedes-Benz" və "Audi" kimi ənənəvi rəqiblərlə deyil, "Bentley" və "Aston Martin" kimi markalarla rəqabət aparacağı daha yüksək seqmentə keçəcək.