Azərbaycan manatının real effektiv məzənnəsi 2017-ci il avqust ayının 1-nə 93,1 bənd təşkil edib.
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir ki, bu, iyulun 1-nə olan göstərici ilə eynidir.
Son 1 ildə real effektiv məzənnə 3,1 faiz bəndi artıb.
Aylıq müqayisədə məzənnənin sabit qalmasına səbəb Azərbaycanın əsas ticarət partnyoru ölkələrin milli valyutalarının - Türkiyə lirəsinin, Rusiya rublunun və Çin yuanının ABŞ dolları qarşısında ciddi dəyişikliyə məruz qalmamasıdır. Bu tendensiyanın ilin sonuna qədər davam edəcəyi gözlənilir.
Xatırladaq ki, manatın real effektiv məzənnəsi 2000-ci ildən hesablanır. Onun minimum həddi 2004-cü ilin sonunda (74,2 bənd), maksimum həddi isə 2015-ci il fevralın 1-də (153,1 bənd) qeydə alınıb. Maliyyə böhranı başlayandan isə minimum hədd 2016-cı il sentyabrın 1-də - 87 bənd olub.
"Report"un analitik qrupu hesab edir ki, manatın real effektiv məzənnəsi üçün 85-90 bənd diapazonu qənaətbəxş səviyyədir. Avqust ayında real effektiv məzənnədə artım gözlənilir. Buna səbəb ticarət partnyoru olan ölkələrin milli valyutalarının möhkəmlənməsidir.
Mənbə: Report.az