İyul ayı banklarımız üçün heç də asan keçmədi.
Kredit faizlərinin tavanı və depozitlərdə eniş
İyunun sonlarına yaxın komisyon faizlərinin maksimim 1% həcmində müəyyən edilməsindən sonra, iyulda Mərkəzi bank tərəfindən həmçinin kredit faizlərinin yuxarı həddi ilə bağlı tövsiyə xarakterli göstəriş oldu. Mikro kreditlər üzrə kredit faizlərinin maksimum həddi 25, istehlak kreditləri üzrə kredit faizlərinin maksimum həddinin isə 29% olması banklara tövsiyə olundu. 29 % - maksimum kredit faizi ola bilərmi?
Təbii ki, belə bir qərar banklar üçün təsirsiz qalmayacaqdı. Əgər manat qıtlığı milli valyutada olan depozitlərin qiymətlərini yüksəltmişdirsə, indi kredit faizlərinin inzibati yolla aşağı salınması istər-istəməz bankların depozitlərlə bağlı təkliflərini yenidən nəzərdən keçirməyə sövq etdi.
Artıq kütləvi şəkildə banklar depozit faizini endirir və bu tendensiyanın ilin sonuna qədər davam edəcəyi gözlənilir.
Təkrar devalvasiya ehtimalı
Neftin qiymətinin davamlı şəkildə aşağı düşməsi, ikinci devalvasiya ehtimallarını artırır. Hərçənd ki, manat son aylarda nisbətən güclənmiş görünürdü.
Lakin qrafiklər bu baxımdan vəziyyətin nə yerdə olduğunu daha yaxşı söyləyə bilər.
Beləliklə neftin son bir ayda qiymətinin dəyişməsini, həmçinin 1 USD və 1 Avronun son aydakı qiymətlərini əyani şəkildə izləyə bilərsiniz. Manat asta templərlə ucuzlaşmaya doğru gedir, yumşaq devalvasiya isə davam edir.
2015, İyul-Avqust, neftin qiyməti
2015, İyul-Avqust, qızılın qiyməti
Banklarda vəziyyət
İyul ayında həmçinin bankların sayında azalma da qeydə alındı. Beləliklə Eurobank və Azərbaycan Kredit Bankının lisenziyaları geri alındı.
Amma gündəmdə daha çox Bank Technique oldu, bank müəyyən müddətdə depozit qəbulunu dayandırdı. Azərbaycan Beynəlxalq Bankı tərəfindən maliyyələşdirildiyi söylənilən Bankın, Beynəlxalq Bankın özündə yaranan problemlərin təsiri nəticəsində maliyyələşməsi dayandırıldı.
Beynəlxalq Bankda yaranan vəziyyətə gəldikdə isə, Bankdan bildirirlər ki, bu situasiya heç də devalvasiyanın təsiri ilə bağlı deyil, məsələ müxtəlif iri layihələrə verilmiş kreditlərin geri qayıtmaması ilə bağlıdır.
Həmçinin Parabank və Zaminbank da bank haqqında yayılmış neqativ fikirlərlə gündəmə gəldilər.
Beynəlxalq Bankda baş verən rəhbər dəyişikliyi həm də öz ardınca digər banklar da rəhbər dəyişikliklərinə gətirib çıxacaraq. Belə ki, indi Azər Türk Bank və Bank Technique-də idarə heyətlərinin sədrləri müəyyənləşməlidir.
Beynəlxalq Bankın özəlləşdirilməyə verilməsi və yeni sədrin təyinatı
Hər iki hadisə iyul ayına təsadüf edir ki, onlar haqqında daha ətraflı məlumatı linklərdə əldə edə bilərsiniz.
Prezident Beynəlxalq Bank barədə Fərman verdi
Beynəlxalq Bankın İdarə Heyətinin yeni sədri bəlli oldu
Zəif kreditləşmə, ixtisarlar ehtimalı
Son aylarda banklarda əvvəlki müştəri izdihamını görmək mümkün deyil, kreditləşmə tempi çox aşağı düşüb. Banklar demək olar ki, müştərilərdən sarı darıxır. Olduğumuz bir neçə bankda əməkdaşların problemli kredit müştərilərinə zəng edib, onları yenidən maliyyələşdirmə üçün banka dəvət etmələrinin şahidi olduq.
Kredit müştərilərini itirən banklar, indi depozit faizləri azaldıqca, insanların banklara olan etibarının onsuz da zəifləməsi faktını da nəzərə alsaq, əmanətçilərini də itirir və bu gediş yaxın gələcəkdə müsbət perspektivlər vəd etmir.