IX Bakı Yay Enerji Məktəbinə start verilib | Banco.az

IX Bakı Yay Enerji Məktəbinə start verilib

ADA Universitetinin Yay Enerji məktəbi 17 ölkədən enerji mütəxəssislərinə dərs keçir

ADA Universitetində Xəzər Enerji və Ətraf Mühit Mərkəzi ilə SOCAR-ın birgə təşkil etdiyi 9-cu Bakı Yay Enerji Məktəbinin rəsmi açılış mərasimi olub.

Universitetdən verilən məlumata görə, bu il 17 müxtəlif ölkədən qoşulan 47 məktəb iştirakçısını ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov salamlayıb, qarşıdan gələn iki həftəlik dərslərdə onlara uğurlar arzulayıblar.

Rektor Paşayev qeyd edib ki, Xəzər hövzəsində neft və qaz hasilatı, eləcə də bölgədə enerji təhlükəsizliyi ilə bilavasitə  məşğul olan hökumət və fərdi sektorun yüksək rəsmilərinin çıxış etdiyi Yay məktəbi son illər müvafiq sahə üzrə beynəlxalq mütəxəssislər arasında nüfuzlu proqram kimi tanınmağa, siyasi, elmi və işgüzar dairələrin nümayəndələrini cəlb etməyə başlayıb. Öz növbəsində, vitse-prezident Məmmədov məktəb iştirakçılarına Azərbaycanın dünya neft və qaz hasilatında tarixi rolundan danışıb, Bakının neft sənayesində tək tətbiqi deyil, elmi mərkəz kimi də özünü təsdiq etdiyini diqqətə çatdırıb. SOCAR nümayəndəsi bildirib ki, bu tarixi əhəmiyyəti Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da qoruyub saxlayıb. Belə ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu enerji strategiyası nəticəsində Xəzərin Azərbaycan sektorunda yeni yataqlar açılıb, ölkənin enerji təhlükəsizliyi təmin olunub, bölgə isə enerji təhlükəsizliyində Azərbaycan kimi etibarlı təchizatçı qazanıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, iki həftəlik məktəb ərzində iştirakçılar enerji sahəsinin siyasi və iqtisadi əsasları, hüquqi bazası və digər fundamental mövzularla yanaşı,  enerji və xarici siyasət, enerji və ətraf mühit kimi mövzularda da mühazirələr dinləyəcək, interaktiv məşğələlərdən yararlanacaqlar. ADA Universitetinin Bakı Yay Enerji Məktəbindən son səkkiz  il ərzində 350 yerli və beynəlxalq enerji mütəxəssisi məzun olub.

 

 

 

apa.az