Müəllif: Tamara Mustafayeva, Banco.az
“Financial Times” nəşri milyarderin Yaponiyanın paytaxtı Tokioda yaşadığını yazıb.
Banco.az xəbər verir ki, ilk peşəsi olan müəllimlikdən texnologiya nəhənginə çevrilən Cek Ma bir vaxtlar Çinin texnologiya sektorunu dünyada tanından aparıcı şəxs idi.
Lakin 58 yaşlı iş adamı 2020-ci ilin oktyabrında Çinin maliyyə tənzimləmə sistemini tənqid edən çıxışından sonra yoxa çıxmışdı.
Manın sözləri Çin rəsmilərini qəzəbləndirmiş, bu da “Alibaba” şirkətinə daha sərt tənzimləyici yoxlamalara və ölkədəki digər texnologiya firmalarına daha geniş təzyiqlərə səbəb olmuşdu.
Lakin Ma yoxa çıxdıqdan sonra onun harada olduğu ilə bağlı müxtəlif fərziyyələr irəli sürülüb. Milyarder iyul ayında Niderlandın Wageningen Universitetinə səfər edərkən görüntülənmiş, ancaq harada yaşadığı bu vaxta qədər ictimaiyyətə məlum olmamışdı.
İndi isə “Financial Times” nəşri milyarderin Yaponiyanın paytaxtı Tokio şəhərində yaşadığını, diqqət cəlb etməmək üçün böyük səy göstərdiyini yazıb.
Digər tərəfdən, Çində bir müddətdir ki, davam edən iqtisadi böhran texnoloji və daşınmaz əmlak firmalarına ağır zərbə vurmaqla ölkənin ən varlı adamlarının sərvəti kəskin şəkildə azaldıb.
Bloomberg Milyarderlər İndeksinə görə, 2020-ci ilin oktyabrında sərvətinin zirvəsində olan və təxminən 61 milyard dollar sərvəti olan Ma da bu tendensiyadan payına düşəni alıb və hazırda təxminən 30,7 milyard dollar xalis sərvətə malikdir. Bunda təbii ki, “Alibaba”nın səhmlərinin 2020-ci ildən bəri 75 faiz ucuzlaşması da rol oynayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!