İtaliyada işsizlik səviyyəsində tarixi rekord qeydə alınıb. Belə ki, noyabr ayında ölkədə işsizlik göstəricisi 12.7%-ə çatıb. Bu göstərici Avro zona üzrə müəyyən edilmiş orta göstəricini (12%) çox az faizlə üstələyib.
Digər Avropa ölkələrində olduğu kimi burada da bu vəziyyətin daha çox ziyan çəkən tərəfi gənclərdir. Təhsilini başa vuran gənclər işlə təmin olunmadıqları üçün əldə etdikləri bilikləri tətbiq etmək imkanı tapmırlar.
İtaliyada 25 yaşına çatmamış gənclərin 41.7%-i işsizdir. İspaniya və Yunanıstanda isə vəziyyət daha mürəkkəb xarakter daşıyır. Belə ki, bu ölkələrdə işsizlərin səviyyəsi 50%-i üstələyir.
Gənclərin gələcəklə bağlı narahatlıqları həddindən artıq çoxdur. Təlimə çox vaxt və pul sərf edən gənclər sonda işsiz qalmağın məyusluğunu yaşayırlar. Onların bir çoxu öz gələcəyi ilə bağlı planları xarici ölkələrdə reallaşdırmaq fikrindədirlər.
İtaliyanın hal-hazırki vəziyyəti iqtisadiyyatın zəif inkişafının böhran dövründən daha əvvəl meydana gəlmiş və uzun illər boyunca artmaqda davam etmiş əmək bazarı problemlərini həll etmək iqtidarında olmadığı fikrinin ən bariz nümunəsidir. Ekspertlərin fikrincə, yeni iş yerlərinin yaradılması və iqtisadiyyatın artımının stimullaşdırılması ilə bu problemin öhdəsindən gəlmək mümkündür.
Banco.az / Sevinc İbadova