Müəllif:Ayşən İmanova/Banco.az
İsveç hökuməti Dünya Bankının himayəsi altında Ukrayna və Moldova üçün böhran fonduna 120 milyon kron (11 milyon dollar) ayırıb.
Banco.az xəbər verir ki, bu barədə İsveçin xarici ticarət və əməkdaşlıq naziri Benjamin Dusa məlumat verib.
"Dünya Bankı Ukraynada dövlət qulluqçularının maaş və pensiyalarının ödənilməsi, həmçinin enerji və mənzil strukturlarının bərpası kimi mühüm dövlət funksiyalarının saxlanılmasında həlledici rol oynayır. Bu vəsaitin ölkədə ibtidai məktəb və gimnaziya təhsilinin gücləndirilməsinə, müəllimlərin ixtisasının artırılmasına və məktəb materiallarının alınmasına kömək edəcəyi gözlənilir", - nazir bildirib.
Dünya Bankının Ukrayna və Moldovanın bərpası üzrə xüsusi proqramı (SPUR) əsasən Ukraynanın sürətli bərpasına və yenidən qurulmasına yönəlib. Vəsaitin kiçik bir hissəsi isə təcili büdcə ehtiyaclarının təmin edilməsi və enerji sektorundakı problemlərin həlli üçün Moldovaya ayrılıb.