İstirahətə gedə bilməyib işləyənlərə 5 maraqlı MƏSLƏHƏT | Banco.az

İstirahətə gedə bilməyib işləyənlərə 5 maraqlı MƏSLƏHƏT

Müəllif: Tamara Mustafayeva, Banco.az

Artıq yay fəslinin ən qızmar vaxtlarına doğru addımlayırıq. Bu səbəbdən də insanların əksəriyyəti müxtəlif istirahət məkanlarında bu isti günləri dəyərləndirməyə çalışırlar. İşləyən və məzuniyyətə çıxa bilməyən insanlar üçün isə yayın isti günlərini ofisdə masa arxasında çalışaraq keçirmək, yəgin ki elə də ürəkaçan deyil...

Biz də bugünkü məqaləmizdə istirahətə gedə bilməyən və yayı işləyərək keçirənlərə, bu vəziyyətin onların motivasiyasına və işdəki məhsuldarlığına mənfi təsir göstərməməsi üçün bəzi tövsiyələr verəcəyik.

1. Ehtiyac olmadığı təqdirdə sosial media vasitələrindən istifadə etməyin

Bu yay ərzində hələ ki, istirahətə çıxmamısınızsa, özünüzə edə biləcəyiniz ən böyük pislik boş vaxtlarınızı sosial şəbəkələrdə, xüsusilə də “Instagram”da keçirmək ola bilər. Çünki necə olduğu bizə də maraqlıdır, amma “Instagram” hesabı olan hər kəs sanki istirahətdədir... İstisna olaraq tətilə gedə bilməyənlər də xüsusilə cümə axşamı günləri köhnə istirahət şəkillərini yenidən paylaşır və nəticədə istirahətə çıxa bilməyənlərin əhvalı korlanır…

2. Həftə sonlarını məhsuldar keçirməyə çalışın

Məzuniyyətə çıxa bilməsəniz də arzu etdiyiniz kimi keçirə biləcəyiniz iki gün sizin ixtiyarınızdadır. Bəlkə də həftə sonuna yaxın bir və ya iki gün işdən icazə alıb həftə sonu da daxil olmaqla qısa müddətə də olsa istirahət edə bilərsiniz. Əks təqdirdə, yenə də ruhdan düşməyin və həftə sonu üçün yaşadığınız şəhərə yaxın ərazilərə səfər planı qurun. Bu iki günü ürəyinizcə dincəlmək və iş həftəsinə gümrah başlamaq üçün əsasən şəhərin səs-küyündən və stressindən uzaqlaşmağınız faydalı olacaqdır.

3. İş yerinizi əyləncəli bir məkana çevirin

Bilirik ki, bir çox iş yerlərində ciddi qaydalar tətbiq edilir. Lakin, yay aylarında bu qaydalarda bəzi güzəştlər edilə bilər. Belə ki, iş yoldaşlarınızla birlikdə özünüzə xüsusi asudə vaxt müəyyən edə, bu zaman dilimi də yaradıcı, intellektual və əyləncəli oyunlarla dəyərləndirə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

4. Yay axşamlarının da dincəlmək üçün əla fürsət olduğunu unutmayın

Yay aylarında havanın gec qaralması, günlərin uzun olması hər birimizə iş gününü başa vurduqdan sonra da dincəlmək imkanı verir. Nəticədə işdən evə gəlib sosial şəbəkələrdə dostlarınızın istirahət şəkillərinə baxmaq əvəzinə işdən çıxdıqdan sonra iş yoldaşlarınız və ya dostlarınızla əyləncəli vaxt keçirə bilərsiniz. Hətta özünüz ilə tənha qalıb sakit bir məkanda, yaxud dəniz sahilində dincələ bilərsiniz. Tək başına bir kafeyə gedib kitab oxumaq, kinoteatra gedib filmə baxmaq daha çox qış aylarına xas fəaliyyətlər hesab edilsə də, yay aylarında da sınaqdan keçirmək olar.

Hər kəsin istirahət məkanlarında olmasının ən yaxşı tərəfi isə şəhərdə insanların az olmasıdır…

5. Təxirə saldıqlarınızı edin

Təxirə saldığınız bəzi işləri yekunlaşdırmaq sizi motivasiya edə bilər. Məsələn, çoxdan izləmək istədiyiniz filmləri izləmək, oxumağı düşündüyünüz kitabları oxumaq, iş çıxışı və ya həftə sonu getməyi düşündüyünüz, ancaq müəyyən səbəblərdən daima təxirə saldığınız kurslara yazılmaq, açıq hava konsertlərinə getmək və s. fəaliyyətlərlə məşğul olmağı tövsiyə edirik.

Bütün bu məsləhətlərə əməl edərək siz də özünüzü ən az istirahət edən dostlarınız qədər gümrah və dincəlmiş hesab edəcəksiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram