İstehlak kreditlərinin sığortalanması faizlərə təsir edəcəkmi? | Banco.az

İstehlak kreditlərinin sığortalanması faizlərə təsir edəcəkmi?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycanda vətəndaşlar bir çox səbəbdən kredit üçün banklara müraciətlər etməli olur. Amma bəzən  bədbəxt hadisələr bu öhdəliklərin icrasını mümkünsüz etdiyi halda, borc yükü vərəsələrə ötürülür. Artıq bu məsələnin həlli üçün Mərkəzi Bank ciddi addımlar atır. Kredit verilən zaman könüllük əsasında  tətbiq ediləcək sığorta nəticəsində borcalan hər hansı bir bədbəxt hadisə ilə üzləşərsə, onun krediti sığorta hesabına ödənilə biləcək.

Məsələyə münasibət bildirən iqtisadçı Xalid Kərimli Banco.az –a bildirib ki, Mərkəzi Bankın atdığı bu addım olduqca faydalıdır:

“Həyat sığortası ipoteka kreditləri verilən zaman tələb olunurdu. Amma hazırda Mərkəzi Bankın banklara etdiyi tövsiyədən sonra artıq istehlak krediti verən bütün banklar müştərilərinə bu seçimi təklif edəcəklər. Əvvəllər banklar bu məsələdə pərakəndə fikirdə olsalar da, hazırda bütün banklar müştəri qarşısında sığorta təklifini irəli sürəcək. Sığortalanma əlavə riskin aşağı salınması üsuludur.  Hesab edirəm ki, sığortanın tətbiqi vətəndaş üçün əlavə xərcin ödənilməsinə gətirib çıxaracaq. Ona görə də, müştərilərə seçim kimi verilməsinin tərəfdarıyam.

Ən sərfəli kredit üçün müraciət et

Düşünürəm ki,  ipoteka kreditlərindən fərqli olaraq,  istehlak kreditlərində bu məcburi olmamalı, seçim kimi vətəndaşa təklif edilməlidir”.

Bəs risk azaldığı halda  bu kredit faizlərinə necə təsir edə bilər?

Xalid Kərimli qeyd etdi ki, faizlərin aşağı düşməsi üçün iqtisadiyyatda mövcud problemlər həllini tapmalıdır:

“Sığorta ödənişinə ödənilən məbləğ ilə faiz arasındakı məbləğlərlə müqayisə etsək görərik ki,  ümumi kreditə qulluq xərci artdığı üçün vətəndaşın bu prosesdə xərci artmış olacaq. Yəni  sığorta alətlərindən istifadə vətəndaşın ümumi kredit xərclərini artırmış olacaq.

Amma kredit faizlərinin aşağı düşməsi üçün  ölkənin iqtisadiyyatı ilə bağlı ciddi problemlər həll edilməlidir.

Bu prosesdə iqtisadiyyatın strukturu, risklər, yerləşmə, coğrafi mövqeyin gətirdiyi problemlər  bir sözlə hamısının rolu var. Düşünürəm ki, bu tip məsələlər kredit faizlərində xərci aşağı salmayacaq”.

Ən sərfəli krediti almaq üçün müraciət et