İstehlak kreditlərinə niyə tələbat artır? | Banco.az

İstehlak kreditlərinə niyə tələbat artır?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycanda istehlak kreditlərinin həcmi sürətlə artaraq, ötən ilin göstəriciləri ilə müqayisədə 1.5 milyard manat çoxalıb və ümumilikdə 8 milyard manata çatıb.

Banco.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov bildirib. Hazırda istehlak kreditləri ölkədəki bütün kreditlərin üçdə bir hissəsini, biznes kreditlərinin isə 60 faizini təşkil edir.

Eldəniz Əmirov, istehlak kreditlərinin payının artmasının Azərbaycanda xüsusi bir xarakter daşıdığını vurğulayıb. O, qeyd edib ki, inkişaf etmiş ölkələrdə, məsələn, Amerika Birləşmiş Ştatlarında istehlak kreditlərinin kredit portfelindəki payı daha aşağıdır. Məsələn, ABŞ-da istehlak kreditləri ümumi kredit portfelinin yalnız 13-14 faizini təşkil edir. Lakin Azərbaycanda bu göstərici daha yüksəkdir, bu da müəyyən iqtisadi fərqlərlə bağlıdır.

Eldəniz Əmirov bildirib ki, inkişaf etmiş ölkələrdə istehlak kreditləri, əsasən, yerli istehsalı dəstəkləyir. Vətəndaşlar soyuducu, avtomobil, telefon kimi məhsullar aldıqda, vəsait ölkədə qalır və daxili bazarı canlandırır. Lakin Azərbaycanda vəziyyət fərqlidir. İstehlak kreditlərinin böyük hissəsi ölkədən çıxan vəsaitlərə çevrilir, çünki vətəndaşlar xaricdən gətirilən məhsulları alır. Bu da ölkədən valyutanın xaricə çıxmasına və yerli iqtisadiyyata təsir etməməsinə səbəb olur.

Ən sərfəli kredit üçün müraciət et

Eldəniz Əmirovun sözlərinə görə, Azərbaycanda biznes kreditlərinin həcmi 14 milyard manata çatıb. Bu, kifayət qədər yaxşı göstərici olsa da, xüsusən regionlara yönəlik biznes kreditlərinin həcmi hələ də azdır. Əmirov qeyd edir ki, banklar region iqtisadiyyatının kreditə olan tələbatını və riskləri qiymətləndirir. Bu səbəbdən, regionlardakı sahibkarlar üçün biznes kreditlərinin əldə edilməsi çətin ola bilər.

O, həmçinin bankların fəaliyyətindəki əsas məqsədin kredit verməklə gəlir əldə etmək olduğunu vurğulayaraq, kreditin geri qaytarılma potensialının düzgün qiymətləndirilməsinin vacibliyini qeyd edib. Bu baxımdan, sahibkarların biznes tarixçəsi, vergi ödəyicisi statusu və digər makro göstəricilər banklar üçün əsas faktor olaraq qalır.

Eldəniz Əmirovun sözlərinə görə, istehlak kreditlərinin həcminin artması Azərbaycanda iqtisadi cəhətdən müsbət görünməyə bilər, çünki vəsaitlərin bir hissəsi ölkədən xaricə axır. Lakin biznes kreditlərinin artması və bankların risk idarəetməsi sahəsində inkişaf göstərməsi gələcəkdə iqtisadi sabitliyə töhfə verə bilər.