“Hazırda Azərbaycanda kredit təşkilatlarının müştərilərində paralel kreditlərin sayının artması müşahidə olunur.
Bunu “Finca Azerbaijan” Bank Olmayan Kredit Təşkilatının Baş İcraçı Meneceri Timoti Tarrant bildirib.
O deyib ki, paralel kreditlərin sayının artması həddindən artıq borclanmanın göstəricisidir:
“Yəni, ona doğru gedən prosesdir. Əlbəttə, bu narahat doğuran haldır. Paralel kreditlərin sayı artırsa, bazarda yüklənmə baş verir. Hal-hazırda bazar tamamilə korlanmayıb, amma burada narahat doğuran siqnallar var”.
Timoti Tarrant qeyd edib ki, Azərbaycan Mərkəzi Bankının istehlak kreditlərinin sərtləşdirilməsi ilə bağlı atdığı addımları dəstəkləyirlər:
“Azərbaycanın Mərkəzi Bankı istehlak kreditlərinə qarşı yeni tələblər qoymuşdur. Bu, Mərkəzi Bank tərəfindən atılmış müdrik addım idi, proseslərə qarşı sonradan deyil, öncədən qabaqlayıcı tədbirlər görüldü”.
Timoti Tarrant əlavə edib ki, “Finca” məsuliyyətli bankçılığı dəstəkləyir: “Biz müştərinin kreditlə yüklənməsini və bunun sonradan ona çətinlik yaratmasını istəmirik”.
Qeyd edək ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası kredit bazarında müştərilərin borcla yüklənməsinin təhlilini aparmağı planlaşdırır.
marja.az