İstehlak krediti götürənlər nələrə diqqət etməlidirlər - Eskpertdən məsləhətlər | Banco.az

İstehlak krediti götürənlər nələrə diqqət etməlidirlər - Eskpertdən məsləhətlər

Suallarımızı Azərbaycan Bank Tədris Mərkəzinin eksperti Nəriman İmranov cavablandırır.

Nəriman müəllim, İlk öncə ondan başlayaq ki, kredit götürmək qaçılmazdırmı?

Kredit götürmək barədə düşünəndə ilk növbədə kreditin götürülməsinin qaçılmaz olub-olmması sualına cavab axtarmaq lazımdır. Başqa sözlə kreditin Sizə nə dərəcədə vacib olduğunu olduğunu müəyyən etmək lazımdır. Ancaq vacib və təxirəsalınmaz məqsədlər üçün kreditə müraciət etmək olar. Bu amil, xüsusən də bu gün daha əhəmiyyətlidir. İlk növbədə, bir qədər gözləyib məqsədimizə tam olaraq öz vəsaitinizin köməyi ilə və ya bir hissəsini yığım, digər bir hissəsini kreditlə almaqla çatmaq,lazımsız əşyaları satmaq və sair yollarla çatmaq imkanlarını araşdırmaq lazımdır. Əgər Siz, gəlir və xərclərinizi hesablayıb görürsünüz ki, öz vəsaitinizin köməyi ilə heç bir vaxt məqsədinizə çata bilməyəcəksiniz, bu o deməkdir ki, Siz krediti götürsəniz izafi borc yükünün altına düşəcəksiniz və bu krediti də heç vaxt qaytara bilməyəcəksiniz. Belə krediti götürsəniz belə altından çıxmaq üçün isə Sizin üçün heç də sərfəli olmayan tədbirlərə əl atmalı olacaqsınız (yeni kredit, bahalı əmlakın satılması və s.)

Misal: fərz edək ki, məişət kondisionerinin qiyməti 1000 manatdır. Əgər Siz ayda 100 manat ailə büdcəsindən qənaət edə bilirsinizsə onda on aya onu öz vəsaitinizlə ala bilərsiniz. Əgər 100 manat qənaət edə bilmirsinizsə, onda onu bir illik kreditlə almağa dəyməz. Ona görə ki, əgər kreditin illik faizi 20 olsa, Siz bir ilə 1200 manat qaytarmalısınız, yəni ayına 100 manat. Bunuda edə bilməyəcəksiniz və problemlərlə üzləşəcəksiniz.

Bəs optimal götürülən kreditin məbləği nə qədər olmalıdır və bu zaman hansı amilləri nəzərə almaq lazımdır?

Çalışmaq lazımdır ki, kreditin məbləğini minimuma endirəsiniz, hesablayasınız ki, nə qədər qənaət edib özünüz toplaya bilərsiniz, hansı xərcləri ixtisara sala və ya müvəqqəti dayandıra bilərsiniz. İstənilən halda, məqsədi müəyyən edəndə nəzərə almalısınız ki, kredit üzrə aylıq ödənişlər Sizin ödəniş qabiliyyətinizi aşmasın. Yəni kreditin aylıq ödənişi Sizin qənaətinizə bərabər olmalıdır, əks halda ciddi problem ilə üzləşə bilərsiniz.

Aylıq xərclərinizi planlaşdıran zaman mütləq aşağıdakı gözlənilməz xərclər üçün ehtiyat nəzərə alın:

  • Ailə üzvlərinizin gözlənilməz xəstəlik ilə bağlı xərclər (ailə üzvlərinin tibbi sığortası varsa, o zaman ən azı franşizə xərcələri)
  • Xeyir-şər xərcləri
  • Məişət cihazları və kommunal infrastrukturda yarana biləcək plansız təmir xərcləri
  • Digər xərclər

Kredit götürərkən bank seçimində hansı meyarlara fikir verilməlidir?

Müasir şəraitdə - vaxt gərginliyi, qadağa və məhdudiyyətlər olan reallığda məsafədən, yəni banka getmədən, evdən və ya iş yerindən kredit sifarişi vermək, müvafiq təstiqləyici məlumatları ötürmək, hesab açmaq, virtual kart əldə etmək və nəticədə, ideal halda, ümumiyyətlə banka getmədən lazımi vəsaiti əldə etmək imkanı verən banklarla iş görmək, əlbəttə daha rahatdır.

Ümumilikdə, istehlak krediti götürəndə Azərbaycan Mərkəzi Bankının www.bizimpullar.az və bankların saytlarından istehlak kreditlərinin şərtləri barədə məlumat toplamaq və  bank seçəndə aşağıdakı amillərə diqqət vermək lazımdır:

  • Kreditin faizi  
  • Komisyon haqlar
  • Kreditin məbləği
  • Kreditin təminatı
  • Kreditin verilmə operativliyi

Xüsusən də, tövsiyə olunur ki, kreditin komisyon xərclərinə diqqətli olmaq lazımdır. Bəzən banklar və kredit təşkilatları kreditin faizini aşağı, komisyon xərclərini isə yüksək edirlər. Odur ki, istənilən kredit təklifi üzrə faizləri Azərbaycan Mərkəzi Bankının https://bizimpullar.az/static/calculators saytı vasitəsi ilə elə hesablamaq tövsiyə olunur.

Ən sərfəli kredit üçün müraciət et

Kredit müqaviləsinin hansı şərtlərinə diqqət verməyi tövsiyə edirsiniz?

Kredit müqaviləsinə qol çəkməkdən əvvəl onu diqqətlə oxumaq lazımdır. Kredit müqaviləsini oxumadan qol çəkənlə 2015-2016-cı illərdə ciddi problemlərlə üzləşmələri yəqin ki, heç kimin yadından çıxmamışdır.

Kredit müqaviləsində xüsusən də aşağıdakı şərtlərə xüsusi diqqət vermək lazımdır:

  • Kreditin məbləği
  • Kreditin valyutası
  • Kreditin  faizi
  • Kreditin ödəmə qrafiki
  • Kreditin təminatı
  • Sığorta haqları
  • Kredit gecikdiyi halda, tətbiq olunan cərimələr
  • Kreditin ödənişi gecikdikdə bank tərəfindən görülən tədbirlər

Əgər kredit müqaviləsinin şərtləri Sizi qane etmirsə, onu bankla müraciət edin və əgər razılığa gələ bilmirsinizsə və şərt Sizin üçün önəmlidirsə, bu halda digər bankların təkliflərini qiymətləndirin.

Bəs aylıq ödəniş məbləği müəyyənləşdirilərkən hansı seçimə üstünlük verilməlidir?

Bu suala cavab verməkdən ötrü Siz gəlirlərinizin strukturuna diqqət yetirməyiniz tövsiyə edilir. Əgər Sizin gəlirlər hər ay müntəzəm olaraq daxil olursa (maaş, pensiya, depozit faizləri, kirayə haqqı və s.) onda Sizə hər ay bərabər hissələrlə ödəniş sərf edər, çünki ümumi xərciniz bir qədər az olacaq. Amma gəlirlərinizin əhəmiyyətli hissəsi bir və ya bir neçə müxtəlif tarixlərdə qeyri bərabər hissələrlə daxil olursa (qonorar, satışdan daxil olma, dividendlər, görülən işlərinvə ya göstərilən xidmətlərin haqqı) onda Sizə ödəniş cədvəlinin bu tarixlərə uyğunlaşdırılması çox vacibdir və bunu mütləq bankla razılaşdırmaq lazımdır.

Təminat olaraq nələri göstərməyi tövsiyə edirsiniz?

Bir qayda olaraq, borcalan üçün ən sərfəli variant odur ki, onun götürdüyü kreditin təminatı rolunda onun gəlirləri (maaşı, aldığı kirayə haqqı, pensiya, depozit faizləri və s.) və kreditə götürdüyü əmlak çıxış etsin. Amma bəzən, daha yaxşı şərtlərlə kredit təklif edən banklar kreditin qaytarılmasına əlavə təminat verməyi təklif edirlər. Bu halda Siz imkanlarınızı araşdırıb, kreditin məbləğindən asılı olaraq müxtəlif növ girovları (depozit, şəxsi avtomobil, məişət avadanlığı, daşınmaz əmlak, torpağ və s.) banka təklif edə bilərsiniz. Digər üsul Sizinlə birlikdə kreditin qaytarılmasına cavabdeh olan bir və ya bir neçə fiziki şəxsi (zamini) bankla müqavilə bağlamağa cəlb etməkdir. Bunlar arasında seçim edəndə nəzərə almaq lazımdır ki, krediti vaxtında ödəyə bilməsəniz girovu itirə bilərsiniz, zamin cəlb etsənizsə ödənişləri onun hesabından silə bilərlər, bu isə Sizin aranızda ciddi maddi və mənəvi problemlərə gətirə bilər.

Kredit sənədləri ilə bağlı tövsiyələriniz nədən ibarətdir?

Tövsiyə olunur ki, kredit tam bağlana qədər bütün müqavilələri (kredit, girov, zamin, sığorta və s.) saxlayasınız, kredit bağlanandan sonra bankdan müvafiq arayış alasınız və adınızın Azərbaycan Kredit Bürosunda borclular siyahısından silinməsinə əmin olasınız.