"PAŞA Həyat Sığorta" ASC-nin rəhbəri Niyaz İsmayılovun 2024-cü ilin yekunlarına həsr olunmuş ənənəvi illik geniş müsahibəsini təqdim edirik:
İlk olaraq 2024-cü il üzrə nəticələr barədə məlumat verməyinizi xahiş edirik. Öncəki illərdə hər dəfə öz rekordunuzu yeniləyirdiz, bu il rəqəmlər nə göstərir?
Qeyd etmək istərdim ki, 2024-cü ili çox böyük müvəffəqiyyətlə başa vurduq, belə ki, bütün maliyyə göstəriciləri üzrə əhəmiyyətli artımlara nail olduq. Rəqəmlərə nəzər salsaq, yığımlarda 22% artım, aktivlərimizin həcmində 13% böyümə, 2024-cü il üzrə mənfəət göstəricimizdə isə 20% artım əldə etdik. Müqayisə etsək, əgər 2023-cü ildə mənfəət göstəricimiz təxminən 43 milyon AZN idisə, bu il İFRS standartlarına əsasən artıq bu rəqəm 50 milyon AZN-i keçir. Artıq aydın olduğu kimi, bu sığorta sektorunda olan ötən ilki rekord mənfəət göstəricimizi bir daha yeniləməyimiz deməkdir. Qeyd etməliyəm ki, bu, nəinki həyat, bütün sığorta şirkətləri tarixində rekord nəticədir.
Şirkətin stabilliyi necə? Mediada yayılan məlumata görə şirkətin zərərliyi artmış kimi göstərilirdi.
Bəli, bu məlumata mən də rast gəlmişəm, lakin qeyd etməliyəm ki, bu, şirkətin zərərliliyinin artmasının yox, əksinə PAŞA Həyat-ın böyüməsinin göstəricisidir. Belə ki, bu hal sadəcə yığım yönümlü məhsulların həcminin artması və müştərilərə bu məhsullar üzrə müqavilə vaxtı çatmış ödənişlərin həyata keçirilməsi ilə bağlıdır. Əksinə, ödənişlərin böyük həcmi göstərir ki, şirkətimiz nə dərəcədə etibarlı maliyyə strukturuna və müştəri kütləsinə malikdir. Müqavilə vaxtı bitmiş müştərilərlə bağlı onu da bildirmək istərdim ki, onların böyük əksəriyyəti bizimlə müqavilələrini yeniləyiblər. Bu, həm də sığortaya olan marağın və etibarın artmasının göstəricisidir.
Belə desək, sığorta sahəsində zərərlilik daha çox yığım məhsullarından deyil, risk yönümlü məhsullardan irəli gəlir və ölüm, əmək qabiliyyətinin itirilməsi kimi hadisələrə əsasən hesablanır. Zərərlilik əmsalına gəldikdə isə, artıq neçə illərdir ki, bu göstəricidə ciddi dəyişiklik yoxdur.
Siz hər zaman əməkdaşların qatqısından danışırsız. Bəs bu istiqamətdə hər hansısa layihə həyata keçirilibmi?
Qeyd etməliyəm ki, şirkətimizin strateji planında maliyyə hədəflərimizə çatmaq və aktivlərimizi daha da böyütmək üçün bir sıra mühüm istiqamətlər mövcuddur. Buna misal olaraq, müştəri istəkləri əsasında xidmətlərin hazırlanması (Customer Development), Lean proses idarəetməsi (Lean process management), İT texnologiya, Agile metodologiyasının tətbiqi, Data mədəniyyətinin inkişafı – məlumat əsaslı qərarvermə yanaşmasını və s. göstərə bilərəm.
Müştərilərin yığımlarını və güvənini hər zaman yüksək saxlamaq və şirkətin maliyyə dayanıqlılığını təmin etmək üçün Risk mədəniyyəti, Data mədəniyyəti kimi şirkətdaxili istiqamətlərin inkişafı xüsusi əhəmiyyət kəsb edir. 2024-cü ildə bu hədəflərə doğru mühüm addımlar atmışıq. Riskərin idarə edilməsi sahəsində artıq Solvency 2 standartlarının tətbiqi, MDB-də ilk dəfə olaraq, maliyyə uçotu sahəsində İFRS17 standartlarına keçid, Agile metodologiyanın şirkət üzrə daha geniş tətbiq olunması, Data mədəniyyətinin geniş mənimsənilməsi və daha yetkin səviyyəyə çatdırılması – sadəcə bir neçə nümunədir.
Bu istiqamətlər haqqında danışarkən, onu vurğulamalıyam ki, bütün bunların təməlində istedadlar və onların inkişafı dayanır. Bu istiqamətlər bizə sadəcə öz ambisiyalı hədəflərimizə necə çatacağımıza dair yol göstərir, lakin istedadlarımız bütün bu fəaliyyətləri həyata keçirən əsas hərəkətverici qüvvədir, uğurlarımızın təməl daşıdır.
Ötən müsahibələrimdən birində qeyd etdiyim kimi, istedadların formalaşdırılması və onların inkişafı sahəsində biz artıq mühüm işlər görmüşük. Bu istiqamətdə əsas addımlardan biri də ötən 2024-cü il ərzində Liderlik Prinsiplərinin hazırlanması və şirkət üzrə geniş təqdimatı olmuşdur. Liderlik prinsipləri adlanmasına baxmayaraq, 8 bənddən ibarət olan bu çağırışlar təkcə rəhbər heyətimiz üçün deyil, eyni zamanda bütün əməkdaşlarımız üçün öz işlərini icra edərkən, qarşılıqlı müzakirələr və qərarvermələr zamanı bir mayak və bələdçi rolunu oynayacaq. Gözləntimiz odur ki, bu prinsiplər bütün fəaliyyətlərimizin bünövrəsinə çevrilsin.
Bu prinsiplər şirkətimizin idarəetmə proseslərində şəffaflığı təmin edəcək və əməkdaşlarımıza düzgün qərarlar qəbul etməkdə kömək edəcək. Bundan əlavə, bu prinsiplərin bütün daxili idarəetmə sistemlərinə inteqrasiyası da nəzərdə tutulur. Məsələn, hər bir işə qəbul qərarının bu prinsiplərə uyğun olaraq verilməsi təmin ediləcək.
Yaxın gələcəkdə bu prinsiplərin hər biri barədə peşəkar platformalarda daha geniş və təfsilatlı məlumat verəcəm. Nümunə olaraq, 8 prinsipdən birini qeyd edə bilərəm; “Öncə müştəri” (Customer in mind) – bu prinsipdə nəzərdə tutulur ki, “liderlər müştərinin təmsilçisidir, onlar proaktiv davranaraq müştəri ehtiyaclarını öncədən təxmin edə bilmək üçün daim əlavə səy göstərirlər. Həmçinin, liderlər açıq şikayətlərə, bilinməyən narazılıqlara, həm da mövcud məlumatlara daim inkişaf kimi baxırlar.” Bu bizim üçün çox vacibdir, çünki müştəri məmnuniyyəti və müştəri təcrübəsinin yaxşılaşdırılması bütün biznes fəaliyyətlərimizin əsasında dayanır.
Onu da qeyd etməliyəm ki, PAŞA Holding-in sosial mediada açıqladığı kimi, artıq Qrup üzrə məqsədyönlü liderlik mədəniyyəti yaratmağı hədəfləyən Liderlik DNT-ləri hazırlanmışdır. Bizim hazırladığımız PAŞA Həyat Liderlik Prinsipləri də məhz bu Liderlik DNT-lərinə inteqrasiya olunaraq vəhdət təşkil edəcəkdir.
Keçən il İT şirkətinə doğru addımladığınızı dediz. Bu istiqamətdə hansı yeniliklər var?
İT şirkətinə çevrilməkdə əsas məqsədimiz Liderlik Prinsiplərimizindən çəkdiyim nümunədə də qeyd etdiyimiz kimi müştəri istəkləri və ehtiyaclarına əsaslanaraq onlara daha sürətli və keyfiyyətli xidmət təmin edə bilməkdir. Bu baxımdan, İnformasiya Texnologiyaları infrastrukturu və arxitekturası sahəsində böyük investisiyalar ayırmış, mühüm işlər görmüşük.
Belə ki, ən müasir İT texnologiyalar əsasında Data Anbarının ("Data Warehouse") yenilənməsi yekunlaşmış və Kubernet (“Kubernetes”) əsaslı yeni tətbiq olunmuş texnologiyalara miqrasiya prosesləri başlamışdır. Bunun sayəsində avtomatlaşdırma prosesini daha sürətli və keyfiyyətli formada həyata keçirə, eyni zamanda daha təkmil “soft” və tətbiqlər hazırlaya biləcəyik.
Ötən ilki müsahibəmdə qeyd etdiyim, Müştəri məmnuniyyəti çərçivəsində Müştərilərlə Münasibətlərin idarə olunması sisteminin ("Customer Relationship Management" – CRM) qurulması müştərilərin sorğularına daha operativ və effektiv yanaşmanı təmin edir. Nəticədə, müştərilərin 90%-i öz müraciətlərinə elə ilk zəngdə həll taparaq, vaxt itirmədən və əlavə çətinliklərlə üzləşmədən xidmət əldə edir. Həmçinin bu platforma müştəriləri daha yaxşı tanıyaraq onlara fərdiləşdirilmiş xidmət təmin etməyimizə, müştərilərimizin bizimlə olan təcrübəsini daha da yaxşılaşdırmağımıza imkan verir.
Eyni zamanda yeni müştəri cəlb edilməsi zamanı müştərilərin sürətli və rahat qoşulma prosesini təmin edən müştəri məlumatlarının idarəolunması sisteminin ("Lead Management system" – LMS) qurulması demək olar ki, artıq yekunlaşmışdır. LMS sisteminin tətbiqi müştəri mərkəzli yanaşmamızın bir göstəricisi olaraq, müştərilərimizə daha sürətli və rahat sığorta xidmətləri təqdim etməyə imkan yaradacaq. Bu sistem sayəsində müştərilər vaxt itirmədən, cəmi bir neçə dəqiqə ərzində sığorta xidməti əldə edə biləcəklər ki, bu da onların gözləntilərinə cavab verən effektiv həll yoludur.
Həmçinin, biznes proseslərinin daha effektiv təşkilini təmin etmək üçün Robotik Proseslərin Avtomatlaşdırılması (RPA) sistemini genişləndirməklə müştəri təcrübəsinə dəyər qatmışıq. Bu sistem sayəsində müştərilər icbari həyat sığortası üzrə xidmətlərdən daha sürətli faydalana bilirlər. Belə ki, icbari həyat sığortası üzrə sığorta haqlarının yığılması və ipoteka kreditləri üzrə sənədlərin operativ toplanması robot tərəfindən həyata keçirildiyi üçün müştərilərin vaxtına qənaət olunur və xidmət keyfiyyəti artır. Onu da qeyd edim ki, bu təcrübənin ölkəmizdə geniş tətbiqi və inkişafı məqsədilə RPA İcma (RPA community) yaradılması təşəbbüsü ilə çıxış etmişik. Bu icma ölkəmizdə Robotik Proseslərin Avtomatlaşdırılması (RPA) sahəsinə əhəmiyyətli töhfə verməklə rəqəmsal transformasiyanı təşviq etmək, təcrübələri bölüşmək və şirkətlər arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
Əlavə olaraq, çox önəmli məslələrdən olan - İT idarəetmə (İT Governance) istiqamətində işləri daha səmərəli aparmaq məqsədilə beynəlxalq standartlar (İTGC, COBİT) tətbiq olunmuşdur.
Bütün sadaladıqlarım daxili proseslərimizdə həm səmərəliliyin artmasına, həmçinin də müştərilərimiz üçün ən yaxşı xidmətləri göstərməyə xidmət edir. Əlavə olaraq, gələcəkdə, ehtiyac olarsa, süni intellekt texnologiyalarının tətbiqi üçün baza, risklərimizi daha yaxşı idarə etmək üçün isə imkanlar yaradır.
Müştərilərimizə daha yaxşı xidmətlər və təcrübə təklif etməyimizin nəticəsidir ki, NPS göstəricimiz demək olar həmişə 85%-dən yuxarı olur.
Bildiyimizə görə yeni məhsulunuz bu il ərzində işıq üzü görmüşdür. Bu məhsula inamınız nə qədərdir?
Bəli, qeyd etmişdim ki, biz artıq yeni məhsullar üzərində işləyirik. Ümumiyyətlə, bütün dünyada həyat sığorta şirkətləri ümumilikdə iki istiqamətdə inkişaf edirlər: yığım yönümlü və risk məhsulları üzrə. Bu məhsulların müştərilərə təqdim olunması əksərən bank kanalları vasitəsilə həyata keçirilir. İlkin olaraq, biz risk yönümlü məhsullar üzrə işlərə başlamışıq, lakin gələcəkdə digər məhsulların da bank kanalları vasitəsilə vətəndaşlara təklif olunmasını hədəfləmişik.
Böyük sevinc hissi ilə qeyd etmək istərdim ki, biz bu il dünya sığorta bazarında mövcud olan ən vacib məhsullardan birini – istehlak krediti götürən şəxslərin həyat sığortası məhsulunu və bu sahədə olan təcrübəni ölkəmizə gətirə bildik.
Məlumat üçün bildirim ki, 3 milyona yaxın istehlak krediti əldə edən vətəndaşımızın həyatı sığortalanmayıb, bu isə öz növbəsində onları risk qarşısında qoyur. Gələcəkdə kredit əldə etdikdən sonra onların başına gələ biləcək ölüm və ya əlillik kimi hadisələr ailə üzvləri və yaxınlarını böyük öhdəlik və yük altında qoyur. Bu isə öz növbəsində insanların sosial rifahına mənfi təsir göstərir. Buna görə də, Azərbaycan Sığortaçılar Assossasiyası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə sığorta fəaliyyətinin gücləndirilməsi və vətəndaşların maddi və mənəvi rifahınının yaxşılaşdırılması istiqamətində kredit götürən şəxslərin həyat sığortası layihəsini işləyərək hazırladı. Hal-hazırda sığorta bazarında 5 həyat sığortası şirkəti fəaliyyət göstərir və onların hər biri rahat qaydada istənilən bankda öz təkliflərini irəli sürə bilər, müştərilər isə əlbəttə ki, könüllü qaydada sərbəst seçim əsasında bu 5 şirkətdən biri ilə müqavilə bağlaya bilərlər.
Fürsətdən istifadə edərək, ilk növbədə yeni məhsulun bazara buraxılmasında görülən işlər və göstərdikləri dəstəyə görə Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Banklar və Sığortaçılar Asossasiyalarına öz dərin təşəkkürümü bildirmək istərdim.
PAŞA Həyat olaraq, ölkəmizdə sığorta fəliyyətinin gücləndirilməsi və əhali arasında bu sahədə maarifləndirmənin artırılması bizim əsas məqsədlərimizdəndir. Belə ki, sığorta insanların daha təhlükəsiz və etibarlı həyat şəraitini təmin edən amillərdən biridir, bu isə öz növbəsində, əhalinin ümumi rifah səviyyəsinin yaxşılaşmasına təsir göstərir. Ona görə də, əhalinin daha yüksək rifahı və rahatlığını təmin etmək, bu istiqamətdə öz töhfəmizi vermək üçün banklarda verilən istehlak kreditlərinin müştərilərin könüllü seçimi əsasında sığortalanması və sığortalı kredit həcminin artırılması əsas hədəflərimizdən biridir.
Özəl pensiya fondları haqda uzun illərdi danışılır. Bununla bağlı hər hansı irəliləyiş var?
Bəli, özəl pensiya fondlarının formalaşdırılması ilə bağlı müvafiq qurumlar qanun layihəsi üzərində işlər aparır. Qeyd edim ki, pensiya təminatının həyat sığortası şirkətləri vasitəsilə həyata keçirilməsi bütün dünyada geniş yayılmış təcrübədir. Ona görə də Azərbaycan Respublikasının Mərkəzi Bankının Azərbaycan Sığortaçılar Asossasiyasından bu məsələ ilə bağlı təkliflərini istəməsi ilə Asossasiya həyat sığorta şirkətləri ilə birgə işlərə başlayıb. Burada əsas məqsəd dövlətimiz və əhalimiz üçün faydalı, dayanıqlı və müasir pensiya sistemini formalaşdırmaq və tətbiq etməkdir. Hazırda biz həm qanun layihəsini nəzərdən keçirir, həm də müvafiq təkliflərin hazırlanması istiqamətində işləyirik. Eyni zamanda, ən təkmil və dayanıqlı pensiya sistemi mexanizminin formalaşdırılması üçün Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə qabaqcıl beynəlxalq təcrübələri də öyrənirik.
Qeyd edim ki, inkişaf etmiş ölkələrdə özəl pensiya fondları mühüm rol oynayır və həm dövlətə, həm də vətəndaşlara bir sıra faydalar təmin edir. Özəl pensiya fondları vətəndaşlara dövlət pensiyasına əlavə olaraq əlavə gəlir imkanı yaradır. Bu, pensiya dövründə maddi vəziyyətin yaxşılaşdırılmasına kömək edir. İnsanlar öz gələcəklərini fərdi şəkildə planlaşdıraraq, özəl fondlara yatırımlar edə bilirlər. Bu, daha yüksək səviyyəli pensiya təminatına imkan verir.
Digər tərəfdən, özəl pensiya fondları dövlətin sosial yükünü azaldaraq, dövlət büdcəsinə düşən təzyiqi minimuma endirir. Bu fondlar uzunmüddətli maliyyə resurslarının formalaşmasına töhfə verərək, iqtisadiyyatın inkişafına və maliyyə bazarlarının dərinləşməsinə şərait yaradır.
Azərbaycanda beynəlxalq təcrübələr nəzərə alınmaqla özəl pensiya fondlarının yaradılması və inkişafı həm dövlətin, həm də vətəndaşların maraqlarına xidmət edəcək dayanıqlı və səmərəli pensiya sisteminin formalaşmasına imkan verəcəkdir.
Sonda oxuculara nə demək istərdiniz?
Bu yaxınlarda baş verən təyyarə qəzası hamımızın qəlbində dərin kədər yaratdı. Həyatını itirənlərin ailələrinə və yaxınlarına, bütün xalqımıza dərin hüznlə başsağlığı verirəm. Təəssüf ki, bu kimi hadisələr bizə həyatın nə qədər dəyərli olduğunu və hər bir anın qiymətini bilməyin vacibliyini xatırladır.
Biz öz işimizlə yalnız maliyyə təminatı üçün deyil, cəmiyyətimizə fayda vermək, daha sabit və təhlükəsiz bir gələcək qurmaq üçün çalışırıq.
Qarşıdan gələn ildə hər kəsə sağlamlıq, əmin-amanlıq və xoş rifah içində bir gələcək arzu edirəm.
Bizi sosial şəbəkələrdən izləyin!!