İşsizlər üçün nəzərdə tutulan 17 milyon manat kimlərə veriləcək? | Banco.az

İşsizlər üçün nəzərdə tutulan 17 milyon manat kimlərə veriləcək?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

İşsizlikdən Sığorta Fondunun 2025-cü il üçün büdcə layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Sənədə əsasən, fondun gəlir və xərcləri bərabər olmaqla 260 milyon 700 min manat proqnozlaşdırılır.

Banco.az xəbər verir ki, bu barədə açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşdirilməsinə yönəldilsə də 17 milyon manat işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunacaq:

“Bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlarımız üçün nəzərdə tutulub. Belə ki, ödəniş dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisi dəyişməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadə etməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verildiyi hallarda vətəndaşa ödənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bu zaman həmin şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsistemində işsiz kimi qeydiyyatdan keçməsi vacibdir. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə tikilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir”.

Millət vəkili qeyd edib ki, müraciət edən şəxs əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən işdən azad olunarsa, işsizliyin başlamasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 24 ay sığorta stajına malik olmalıdır. Hüquqi şəxs ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, müəssisənin mülkiyyətçisinin dəyişməsi və digər hallarla əlaqədar işdən azad olunarsa, son 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olmaq əsas tələblərdəndir.

 “Ödəniş sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Həmin məbləğ əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.

Deməli, qeyd olunan hallarda iş yerlərini itirən vətəndaşlarımız ərizə ilə müraciət edərək işsizlər üçün nəzərdə tutulan vəsaiti ala bilərlər”.