İsrail-HƏMAS münaqişəsi neftin qiymətini bahalaşdıracaq? – Ekspert rəyi | Banco.az

İsrail-HƏMAS münaqişəsi neftin qiymətini bahalaşdıracaq? – Ekspert rəyi

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

Hazırda bütün dünyanın gözü İsraillə HƏMAS arasındakı müharibəyə yönəlib.

Qəfil  başlayan müharibə minlərlə insanın ölümünə səbəb olmaqla bərabər pul bazarlarında balans elementlərini sarsıtmağa başlayıb.

Geosiyasi risklər artarsa, bunun neft qiymətlərinə necə təsir edəcəyi müzakirə mövzusudur. Bu barədə Banco.az-a açıqlama verən neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, hazırda dünya bazarında həm neftin, həm də mavi yanacağın qiymətində artımlar müşahidə edilir.

İranın İsrailə neft embarqosu tətbiq etmək çağırışından sonra Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) təcili tədbirlərə ehtiyacı olmadığını bildirmişdi.

Bu barədə danışan ekspert dedi ki, OPEC noyabr ayının  əvvəlində  bazarı yenidən  monitorinq etdikdən sonra bu barədə dekabrda qərarını verəcəkdir:

“Məsələ ondadır ki, OPEC-in  ilin sonuna qədər olan qərarı bəllidir. Hələki biz görürük ki, neftin qiyməti 90 dollardan yuxarıdır. OPEC  sonuncu dəfə may ayında  ilin sonuna qədər hasilatın azaldılması  ilə bağlı qərarı verəndə  neftin qiyməti 75-80 dollar dəhlizində idi. Ona görə də onlar bu qərarı ilin sonuna qədər saxladılar. Hətta avqust ayında sonunda Rusiyanın daxil olduğu 9 OPEC+ ölkəsi gələn ilin sonuna qədər neft hasilatını könüllü olaraq azaltmağa başlayıb. Konkret olaraq, Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair, Oman və Qabon bu addımı atıb. Bildirilib ki, hasilatın ümumi azalması gündəlik 1,66 milyon barel təşkil edəcək. Müşahidələrimizə əsasən neft il ərzində 80-85 dolları keçdi, daha sonra Yaxın Şərqdəki bu münaqişə başlayandan sonra neftin qiyməti 90 dolları ötdü”.

Ekspert vurğuladı ki, neftin  qiymətini daha da artırmaq yönümündə addımlar atması OPEC  ABŞ və Avropa arasında siyasi qarşıdurmaya, bir müddətdir həlim olmayan münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər.

İlham Şaban qeyd etdi ki, OPEK də çox gözəl başa düşür ki, neftin qiymətinin təqribən 5-6 dollar artması  sırf tələb və təklifdən  deyil,  siyasi ab-havanın temperaturunun artması ilə əlaqədardır:

“Avstraliyadan tutmuş Amerikaya qədər Fələstinə dəstək kampaniyalarının keçirilməsi İsrail quru əməliyyatlarına başlamaqdan vaz keçirməsə də, bir qədər soyuqqanlı davranmağa sövq edir. Ona görə hesab edirəm ki, ümumən ilin sonuna qədər neftin qiyməti hətta bu proseslər səngisə belə 85 -90 dollar dəhlizindən aşağı enməyəcək.  “Brent” markalı neftin qiyməti isə  dördüncü rübdəki artımları nəzərə alaraq 87 dollara qədər yüksələ bilər”,- deyə ekspert fikrini yekunlaşdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram