Müəllif: Tamara Mustafayeva, Banco.az
İspaniya "Booking.com"u 450 milyon dollar cərimələyib.
Banco.az xəbər verir ki, İspaniyanın antiinhisar nəzarət orqanı (CNMC) "Booking.com"u ədalətsiz şərtlərə və rəqibləri məhdudlaşdırdığına görə 450 milyon dollar cərimələyib. Sözügedən səlahiyyətli orqan dünyaca məşhur onlayn səyahət proqramı "Booking.com"un son beş il ərzində bazardakı dominant mövqeyindən sui-istifadə etdiyini müəyyən edib.
CNMC 2022-ci ilin oktyabrında İspaniya Otel Menecerləri Assosiasiyası və Madrid Regional Otel Assosiasiyasının şikayətlərindən sonra "Booking.com"a qarşı araşdırma başladıb. Nəzarətçinin araşdırması təsdiqləyib ki, "Booking" otellərə qarşı ədalətsiz şərtlər və qaydalar tətbiq edib ki, bu da səlahiyyətlilərin dediyinə görə, rəqib turizm agentliklərinin rəqabətini çətinləşdirir.
Xatırladaq ki, "Booking.com" sözügedən dövr ərzində onlayn turizm agentlikləri tərəfindən otellərə onlayn bronlaşdırma broker xidmətlərinin göstərilməsi üçün İspaniya bazarının 70-90 faizi arasında paya sahib idi.
Səlahiyyətli orqan belə qənaətə gəlib ki, "Booking" öz platformasından istifadə edərək otellərə ədalətsiz qiymət bəndi tətbiq edib və bu, onların vebsaytlarında "Booking.com"da təklif olunan qiymətdən daha aşağı qiymətə otaqlar təklif etməsinə mane olub, platforma isə otel qiymətlərini birtərəfli qaydada azaltmaq hüququnu özündə saxlayıb.
Qeyd edək ki, fevral ayında "Booking.com"a qarşı 486 milyon dollarlıq müvəqqəti cərimə hazırlayan CNMC qərarın yaxın bir neçə ay ərzində aydınlaşacağını açıqlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!