İşinizdən razısınızmı? | Banco.az

İşinizdən razısınızmı?

Çalışmaq həyatın davamlı olmasını təmin edən bir fəaliyyət növüdür ki, bu zaman insanlar məqsədə çatmaq, gəlir əldə etmək üçün zehni və fiziki əmək sərf edirlər. Ehtiyaclarını qarşılamaq, fiziki yaşamını təmin etmək üçün insanlar bu gün istər-istəməz müxtəlif peşələrdə çalışmalı olurlar. İş performansına təsir edən ən önəmli amil isə çalışanların işini sevməsidir. Bəs çalışan insanlar öz işlərindən nə dərəcədə razıdırlar?

İşini sevməməyin əsas səbəbi
Belə bir sualla müxtəlif dünya ölkələrində aparılan rəy sorğuları zamanı əksər nəticələr eyni olub. Bunlardan biri kimi, 11 min 350 nəfər arasında aparılan sorğuda “Hazırda çalışdığınız işinizdən razısınızmı?” sualına iştirakçıların sadəcə 16 faizi işini sevdiyini, 72 faizi sevmədiyini və dəyişdirməyi düşündüyünü deyib. Anket iştirakçılarının 12 faizi isə işini sevməsə də, dəyişdirməyi düşünmür. Onların işini sevməməsinin əsas səbəbi kimi isə məşğulluq problemi göstərilir. Bildirilir ki, məşğulluqdakı bu problem təhsil mərhələsində başlayır. Bəzi ölkələrdə peşə təhsili ilə bağlı hələ də çatışmazlıqlar var, eləcə də işsiz olan çoxsaylı ali təhsilli məzunlar var. Universitetlərdən məzun olanlar uzun müddət iş axtardıqdan sonra istədikləri kimi bir iş tapa bilmədikləri üçün sevmədikləri işlərdə çalışmaq məcburiyyətində qalırlar. Bu da çalışanların işlərindən razı qalmama faizini artıran ən önəmli faktlardan biridir.

Araşdırmalar isə digər bir amili ortaya çıxarıb ki, iş dəyişdirməyi düşünən çalışan şəxslər fərqli şəhərlərdə daha yaxşı iş əldə edə bilərlər ki, bu da böyük şəhərlərdəki məşğulluq sıxlığını digər bölgələrə dağıtmaq üçün yaxşı bir fürsətdir. Kiçik şəhərlərdə daha yaxşı iş alternativləri yaradılarsa, çalışanların işlərindən razılığını təmin etmək mümkündür. Burada önəmli olan isə bölgələrə görə ehtiyac duyulan peşələri müəyyənləşdirmək və həmin sahədə təhsilə önəm verməkdir. İşindən razı olmayan və davamlı şikayət edən şəxslərin niyə sevmədikləri bir işi, peşəni icra etdiklərini soruşduqda isə adətən buna məcbur olduqlarını və dolanışıqlarını təmin etmək üçün sevmədiyi bir işdə mütləq çalışmaq məcburiyyətində olduğunu deyirlər. Bildirilir ki, bu əslində insanların özünü aldatdığını göstərir. Heç kimsə sevmədiyi işi görmək məcburiyyətində deyil. Bunun üçün yeni iş yeri axtarmalıdırlar. Deyirlər, iş ev kimidir. Əgər sevsəniz, onunla ömür boyu razı bir həyat yaşaya bilərsiniz. İşinizi sevmirsinizsə, sevdiyiniz işi tapmaq, o işi görmək üçün əlinizdən gələni etmək məcburiyyətindəsiniz.

Yaxşı qazananların işindən razı, aşağı gəlirlilərin narazı olması ehtimalı böyükdür
Ölkəmizdə də insanlar müxtəlif peşələrdə çalışırlar. Yəqin ki, onların da heç də hamısı özünün icra etdiyi işdən razı deyil. Ekspertlər isə bunun səbəblərini müxtəlif cür izah edirlər. Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalovun bildirdiyinə görə, bizim cəmiyyətdə işlərindən narazı olanlara gəldikdə bunun bir neçə səbəbi var: “Fikrimcə, birinci səbəb iş yerində idarəetmənin düzgün təşkil edilməməsidir. İkinci səbəb əməkhaqqının işçini qane etməməsidir. Bundan başqa, karyera nərdivanında irəliləməyin işçinin qabiliyyətinə görə olmaması da amillər arasındadır”.

Həmsöhbətimiz onu da qeyd etdi ki, burada özünü göstərən faktorlardan biri də ali məktəblərə qəbulun əksər hallarda peşəyə istəkdən deyil, sadəcə qıraqda qalmayım prinsipinə əsaslanmasıdır. O da vurğulandı ki, kollektivlə ünsiyyət qura bilmək bacarığının olmaması, gənclərin 10-cu sinifdən başlayaraq kollektivdən uzaq düşmələri və psixikalarındakı pozğunluq da amillər arasındadır.

Millət vəkili Əli Məsimli isə bildirib ki, dünyada bu istiqamətdə aparılan araşdırma Azərbaycanda da aparılmalıdır və sonra onun nəticələri şərh olunmalıdır. Millət vəkilinin sözlərinə görə, yaxşı qazananların işindən razı, aşağı gəlirlilərin isə işindən, təbii ki, narazı olması ehtimalı böyükdür: “O ki qaldı bunun təhsillə əlaqələndirilməsinə, bunun üçün tədqiqat aparmaq lazımdır və sorğuda respondent özü bunun səbəbini izah etməlidir. Fikrimcə, bizdə bunu QHT-lər apara bilərlər”.

İşini sevməmək insanların daxili potensialını üzə çıxarmağa ciddi mane olur
Sosioloq Əhməd Qəşəmoğlu bu məsələ ilə bağlı açıqlamasında bildirdi ki, bu olduqca aktual məsələdir və indi doğrudan da çalışanların böyük əksəriyyəti öz işini sevmir: “Hələ nəinki çalışanlar, hətta universitet, kollec tələbələrinin də çoxu öz ixtisasını sevmir. Bu olduqca acınacaqlı haldır. Bunun bir sıra ciddi səbəbləri var: 1) İndiki zamanda bütün yer üzündə olduğu kimi ölkəmizdə də maddi amillər cəmiyyətdə aparıcı rol oynamaqdadır. Bir sıra ixtisas, iş sahiblərinin əməkhaqqı onların gündəlik maddi və mənəvi tələbatlarını ödəməyə imkan vermir. Bunun da nəticəsində işçi öz işindən mənəvi zövq ala bilmir. 2) İş yerində mühit arzu olunan səviyyədə deyil. Bir sıra hallarda rəhbər işdə işləyənlərin - idarəedicilərin mədəni və intellektual səviyyələri işçilərin səviyyəsindən aşağı olur ki, bu da gərginlik yaradır. 3) Ən mühüm məsələlərdən biri odur ki, bizim təhsil sistemimiz insanlara öz təyinatlarını açmağa kömək edə bilmir. Nəticədə, insanlar öz təyinatlarına uyğun olmayan peşələrə yiyələnirlər. Bu bir tərəfdən onların kamil mütəxəssis olmalarına mane olur. Digər tərəfdənsə, insan öz fəaliyyətindən zövq ala bilmir. 4) Mütəxəssislərimiz müasir dövrün tələblərinə uyğun olaraq hazırlanmırlar. Ona görə də indi ölkədə bir tərəfdə xeyli iş axtaran olduğu halda, digər tərəfdə isə bəlkə ondan da çox layiqli işçi axtaranlar var. 5) Bizdə ictimai rəy bütün peşə sahiblərinin öz peşələrindən zövq almalarına imkan vermir”.

Sosioloqun fikrincə, bir neçə prestijli, dəbdə olan peşələr var ki, insanlar o sahədə işləməkdən daha çox məmnun olurlar: “Amma deyək ki, hər hansı qazanclı, lakin dəbdə olmayan işin dalınca getmək istəmirlər. Bu və bu kimi məsələlər indi ölkəmizdə elə bir vəziyyət yaradıb ki, insanların bir çoxu öz işinə ögey gözlə baxır. Bu isə olduqca ciddi problemdir. İnsanı öz işi qane etməyəndə onun gözü, fikri başqa fəaliyyətin yanında qalır. Bu isə ona daxili potensialını üzə çıxarmağa ciddi mane olur. Nəticədə, hər sahədə keyfiyyətsiz kadrlar fəaliyyət göstərirlər”.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: milli.az