Bütün iş sahibləri potensiallı işçi, bütün işçilər isə uğurlu karyera quracaq iş yeri arzusundadır. İşçi təbəqəsi işləmək istədiyi yer və potensialı arasındakı fərqi anlasa da iş sahibləri şirkət üçün əhəmiyyət kəsb edəcək namizədi tapmaqda problem yaşayır. Uğurlu namizədi tapmağın bir çox yolları mövcuddur. Belə olan halda namizədi müxtəlif üsullarla dəyərləndirmək mümkündür. Əslində uğurlu namizədi tapmaq üçün çox əmək sərf etməyə ehtiyac yoxdur. Bunun üçün sadəcə bir sual belə kifayətdir. Sual isə çox sadədir. “Şirkətimizin problemini necə həll edərdiniz?”
Bildiyiniz kimi hər şirkətin özünəməxsus problemləri mövcuddur. Hər bir ekspertin və ya işçinin problem həll etmə mövqeyi müxtəlif ola bilər. Doğru şəxsi tapmaq üçün ixtisasa uyğun məsələlərin həlli namizəddən soruşula bilər. Namizəd sualın çətinlik dərəcəsindən asılı olaraq onu doğru və ya səhv cavablandıra bilər. Bununla siz işçinin problemli məsələlərə necə yanaşdığını və lazımi anda vəziyyəti necə ələ aldığını anlaya bilərsiniz.
Bu isə namizədlər arasında potensial işçini doğru qiymətləndirməyə imkan verəcəkdir. Banco.az bildirir ki, hətta bəzi vaxtlarda namizəd elə bir təklif edə bilər ki, şirkət bu həll yolunu heç düşünməsin.
Namizədlərə isə əsas məsləhət ondan ibarətdir ki, istədikləri işi almaq üçün şirkəti yaxşı araşdırsınlar və müsbət və mənfi tərəflərini qiymətləndirsinlər. Belə olduqda siz şirkətin çatışmayan tərəfləri ilə əlaqədar təkliflər hazırlayıb təqdim edə bilərsiniz. Bu isə sizin digər namizədlərdən fərqlənməyinizə və üstünlüyü ələ almanıza yardımçı olacaq.
Nəcibə Yusifova, Banco.az