İşə qəbul zamanı maaş təyini motivasiyaya necə təsir edir? | Banco.az

İşə qəbul zamanı maaş təyini motivasiyaya necə təsir edir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Effektiv işçilər şirkətin uğurunun açarıdır. Belə işçi seçimi ən vacib iş təcrübəsi sayılır. 

Doğru insanlar şirkətə təcrübə, maraqlı həllər gətirir və ümumi məhsuldarlığı yaxşılaşdırmağa və əsas biznes məqsədlərinə çatmağa kömək edir. 
Amma işə qəbul zamanı diqqətdə saxlanılması vacib olan faktorlardan biri də əməkhaqqı ilə bağlıdır.

Banco.az xəbər verir ki, bu barədə ekspert Şahin Qədimli fikirlərini bölüşüb. Onun sözlərinə görə, işə qəbul zamanı namizədin əsas məqsədi işçi qüvvəsini mümkün qədər baha satmaqdır, İR-nin isə məqsədi bacarıq, bilik, təcrübə üzrə uyğun əməkdaşı mümkün ən aşağı əməkhaqqı ilə işə qəbul etməkdir:

“Əksər şirkətlərin ştat cədvəlində hər vəzifənin qarşısında konkret əməkhaqqı yox, onun intervalı, yəni aşağı və yuxarı həddi qeyd olunur. Təbii ki, yeni əməkdaşların məvacibləri aşağı həddə nə qədər yaxın olarsa, onları tapıb işə cəlb edən İR-lər üçün bu, başucalığıdır. Bəzən bəyənilən namizədlə müsahibə zamanı onun limitdən də aşağı məvacibə razı olduğu bəlli olur. Belə halda ona nadirən daha yüksək əməkhaqqı təklif olunur. İşə qəbuldan cavabdeh İR əməkhaqqı büdcəsinə daha çox qənaət etməyi ilə fəxr edib bunu nailiyyətləri siyahısına əlavə edir”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert qeyd edib ki, bəzən namizədlər boşluğa yol verib illərlər aşağı əməkhaqqına razı olsalar da, sonradan özlərini aldanmış hesab edirlər:

“Belə işçilərin motivasiyasına sarsıdıcı zərbə dəyir, işəgötürənə etibar həmişəlik itir. Ona görə də işə qəbuldan cavabdeh şəxslərin ədalətli olmaları çox vacibdir. Məhz bu cür yanaşma iş yerinin daha çox xeyirinədir. Qısamüddətli taktiki qənaət əvəzinə uzunmüddətli strateji nailiyyətə fokuslanmaq vacibdir. Əks halda, ya dəyərli işçi tam itiriləcək, ya da motivasiyalı məhsuldar işçidən motivasiyasız ortastatistik əməkdaşa çevriləcək”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et