İşçi maaş artımı ilə bağlı rəhbəri ilə nə vaxt danışmalıdır? | Banco.az

İşçi maaş artımı ilə bağlı rəhbəri ilə nə vaxt danışmalıdır?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Maaş artımı işçinin karyerasında və iş yerində motivasiyasında mühüm rol oynayan məsələlərdən biridir. Lakin bu barədə rəhbərlə danışarkən yalnız işçinin istəyini deyil, şirkətin vəziyyətini və işçinin fəaliyyət nəticələrini də nəzərə almaq vacibdir. Buna görə maaş artımı tələbinin nə zaman irəli sürülməsi də ən azı tələbin özü qədər əhəmiyyətlidir. Bəs işçi rəhbəri ilə maaş artımı barədə danışmaq üçün hansı dövrü seçməlidir?

İnsan Resursları üzrə mütəxəssis Abid Səmədov Banco.az-a açıqlamasında bildirib ki, maaş artımı məsələsini rəhbərlə danışmaq üçün ən uyğun zaman işçinin konkret nəticə və töhfələrini göstərə bildiyi dövrdür:

"Yəni sadəcə “maaşım artsın” deməkdənsə, son 6-12 ay ərzində görülən işlər, əlavə məsuliyyətlər, əldə olunan nəticələr və şirkətə verdiyi dəyər əsaslandırılmalıdır. Zamanlama baxımından isə ən əlverişli dövrlər adətən: İllik performans qiymətləndirməsindən əvvəl və ya dərhal sonra – çünki maaş və bonus büdcələri həmin dövrdə müzakirə olunur. Büdcə planlaşdırılması dövründən əvvəl – rəhbərlik növbəti il üçün əməkhaqqı büdcəsini formalaşdırarkən məsələni gündəmə gətirmək daha effektivdir. Əhəmiyyətli nəticə əldə etdikdən sonra – böyük layihənin uğurla tamamlanması, əlavə məsuliyyət götürülməsi, KPI-ların aşılması və s. Vəzifə və məsuliyyətlər əhəmiyyətli dərəcədə artdıqda – işçinin faktiki rolu əvvəlkindən daha genişdirsə, maaşın yenidən nəzərdən keçirilməsi üçün əsas yaranır".

A. Səmədovun sözlərinə görə, əksinə, şirkətin maliyyə çətinliyi yaşadığı, ixtisarların getdiyi və ya rəhbərin çox gərgin olduğu dövr adətən yaxşı zaman deyil: "Mənim yanaşmam belə olardı: Maaş artımını son anda və emosional şəkildə istəməkdənsə, əvvəlcədən hazırlıq görmək və rəhbərlə karyera-performans söhbəti formatında danışmaq daha peşəkardır. Məsələn: “Mən son dövrdə üzərimə düşən məsuliyyətləri və əldə etdiyim nəticələri müzakirə etmək və buna uyğun olaraq kompensasiyamın nəzərdən keçirilməsi imkanını danışmaq istərdim”. Ən vacibi isə “mənə pul lazımdır” arqumenti yox, “mən şirkət üçün hansı əlavə dəyəri yaradıram və bunun qarşılığında kompensasiyam necə uyğunlaşdırıla bilər?” yanaşmasıdır".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram