Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Əmək müqaviləsi - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. İşəgötürənin məlumatı və ya tapşırığı ilə işçi faktiki işlərə cəlb olunarsa, əmək müqaviləsi bağlanmasa da, işçi və işəgötürən arasında əmək münasibətləri yaranır.
İşçilərin əmək müqaviləsi haqqında bilməli olduğu vacib məqamlar barədə Banco.az-ın suallarını əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov cavablandırıb.
Nüsrət bəy, əmək müqaviləsi işçi və işəgötürən arasında münasibətləri necə tənzimləyir?
Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 3-cü maddəsində işçi anlayışına aydınlıq gətirilib. Həmin maddəyə əsasən, işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Əmək Məcəlləsinin 85-ci maddəsində əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu qaydaları öz əksini tapıb. Həmin maddəyə əsasən, işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər müvafiq sənədləri xüsusi kitab (jurnal) və ya kompüter vasitəsilə xüsusi proqramla qeydiyyatını aparmalıdır.
Bir çox hallarda işçi elektron informasiya sistemində işəgötürən tərəfindən qeydiyyata alınsa da, xüsusi imzalar kağız üzərində atılmır. Bu qayda işəgötürənin və işçinin hüquqlarını necə müdafiə edir? Bu halda işçi xəbərdarlıq edilmədən işdən çıxarıla bilərmi?
Kağız müqavilə bağlanıb, amma sistemə daxil edilməyibsə, müqavilə hüquqi qüvvəyə minməmiş hesab edilir. Əgər tək sistemə daxil edilib əmək müqaviləsi kağız üzərində bağlanmayıbsa, bu da qanun pozuntusu sayılır. Hər ikisi bir yerdə olmalıdır.
Qanunvericiliyə görə yazılı formada mütləq əmək müqaviləsi bağlanmalıdır. 2014-cü ilə qədər tərəflər arasında yazılı formada bağlanmış müqavilə imzalandıqda qüvvəyə minirdi. Amma 2014-cü ildən elektron informasiya sistemi artıq istifadəyə verildi və bundan sonra isə əmək münasibətlərinin hüquqi qüvvəyə minməsi müqavilənin elektron informasiya sisteminə daxil imzalanmasından sonra yarandı.
Təcrübədə bir çox hallarda belə başa düşürlər ki, artıq sistem varsa, kağız üzərində müqaviləyə ehtiyac yoxdur. Amma bu səhv yanaşmadır. Qanunvericilikdə nəzərdə tutulan həmin imtiyazlar əmək müqaviləsi əsasında çalışanlara şamil edilir. Yəni, kimsə qeyri-formal məşğul şəxsdirsə və ya mülki-hüquqi müqavilə əsasında xidmət göstərirsə, bu halda həmin güzəşt və imtiyazlardan məhrum olur.
Ümumiyyətlə, bir şəxsin əmək müqaviləsi yoxdursa, onun ümumiyyətlə gələcəkdə pensiya təminatı olmayacaq.
Hansı halda əmək müqaviləsinə xitam verilə bilər?
Əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə bir çox əsaslar var. Həmin əsasların bəzilərində öncədən xəbərdarlıq edilməsi nəzərdə tutulsa da, bəzilərində xəbərdarlıq müddəti yoxdur. Eyni zamanda, işçi tərəfindən müqaviləyə xitam verilən zaman, o azı bir ay öncədən işəgötürəni məlumatlandırmalıdır. Əgər şirkət ləğv edilərsə, işəgötürənin xəbər etmə öhdəliyi yoxdur.
Şirkətdə ştatların ixtisarı zamanı müqaviləyə xitam verilərkən, azı iki təqvim həftəsindən doqquz təqvim həftəsinə qədər həmin işçinin müəssisədə xəbərdar edilməsi nəzərdə tutulub. Bu xəbərdarlıq həmin işçinin şirkətdəki iş stajına görə dəyişə bilər.
Müddətsiz və müddətli əmək müqaviləsi arasında əsas fərq nədir?
Əmək Məcəlləsinin 45-ci maddəsinə görə müqavilələr müddətsiz və müddətli bağlana bilər. Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmiş və işin daimi xarakterə malik olmadığı hallarda müqavilə müddətli bağlana bilər. İşin əvvəlcədən daimi xarakterə malik olduğu bəllidirsə, bu halda müddətsiz müqavilə kimi bağlanmalıdır.
Müddətsiz və müddətli əmək müqaviləsi arasında əsas fərq elə müddətlə bağlıdır. Qanunvericilikdə minimum müddət nəzərdə tutulmur. Bu, bir ay da, bir il də ola bilər. Müqavilə müddəti bitdikdə heç bir xəbərdarlıq olunmadan xitam verilsə də, müddətsiz müqavilədə bu olmur.
Qanunvericiliyə görə, işçi hansı müddətdən sonra əmək müqaviləsinə cəlb edilməlidir?
İşçi əmək münasibətlərinə cəlb edildiyi gün əmək müqaviləsi mütləq formada bağlanmalıdır. Əmək müqaviləsi bağlanmadan, işçinin əmək münasibətlərinə cəlb edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində cərimə nəzərdə tutulur. İşçi əmək funksiyalarını icra edirsə, həmin andan əmək müqaviləsi bağlanıb hüquqi qüvvəyə minməlidir.
Bizi sosial şəbəkələrdən izləyin!!