İş yerində ingilis dilini necə öyrənmək olar? | Banco.az

İş yerində ingilis dilini necə öyrənmək olar?

İngilis dilini iş yerində də öyrənmək olar. Bu zaman peşə vəzifələrinizi unutmaq lazım deyil.

“EnglishDom” onlayn ingilis dili məktəbinin mütəxəssisləri “Work.ua” ilə işinizə mane olmadan ingilis dili biliyinizi möhkəmləndirməyə kömək edəcək 7 tövsiyəni paylaşıb.

1. Bütün iş cihazlarınızı ingilis dilinə tərcümə edin. Sistem, istifadə etdiyiniz bütün proqramlar, iş kompüteriniz, planşet, smartfon, hətta ağıllı saat, ümumiyyətlə, istifadə etdiyiniz hər şey ingilis dilində olmalıdır. Niyə? Siz öyrəndiyiniz dilin mühitinə nüfuz etməlisiniz. Çünki dil ilə daim qarşılıqlı əlaqədə olmalısınız. Əvvəlcə çətin olacaq, ancaq bir aydan sonra heç bir problem olmadan buna öyrəşəcəksiniz.

İxtisasınız üçün lazım olan lüğəti avtomatik öyrənirsiniz. Adobe Photoshop proqramında işləyirsiniz? Bir ay ərzində heç bir səy göstərmədən istifadə etdiyiniz bütün alətlərin adlarını öyrənə bilərsiniz. Bu da yüzdən çox söz deməkdir. Bu, bütün proqramlarda belədir.

Beləcə, ingilis dilində passiv qavrayış qazanırsınız. Yəni xarici söz və ifadələri eşidərkən onların tərcüməsini düşünmürsünüz, onları tam və düzgün şəkildə qavrayırsınız.

2. Həmfikir tapın. Uzun müddətdir ki, dili təkmilləşdirməyə başlamağa cəsarət etmirsiniz, yaxud da vaxt çatdıra bilmirsiniz? Həmkarlarınızdan soruşun. Bəlkə də, siz tək deyilsiniz. Həmfikir insanlar varsa, dil üzərində birlikdə işləməyə başlaya bilərsiniz.

Nahar fasilələrində sadə dialoqlardan başlamağı məsləhət görürük. 5-10 dəqiqə hava barədə, oxuduğunuz kitablar və ya izlədiyiniz filmlər, müxtəlif situasiyalar haqqında ingiliscə danışın. Bütün bunlar sizə ingilis dilində ünsiyyət qorxusunu dəf etməyə kömək edəcəkdir.

Əlbəttə ki, əvvəlcə olduqca çətin olacaq. Ancaq bir az səbr etməlisiniz. Birinci həftəni başa vursanız, nitqiniz tədricən daha axıcı olacaq və mövcud söz ehtiyatınızla nitq qurmağı öyrənəcəksiniz. Hətta intermediate səviyyəsində biri də xüsusi zəhmət çəkmədən sadə mövzular ətrafında söhbət edə bilər.

Növbəti səviyyə — iş prosesi daxilində ingilis dilində ünsiyyətdir. Bunun üçün daha yüksəksəviyyəli hazırlıq tələb olunur. Peşəkar ingilis dilini təkmilləşdirmək üçün əvəzsizdir.

Ən yüksək səviyyə rəhbər də daxil olmaqla bütün ofisin xarici dildə ünsiyyət qurmasıdır. Ofisinizdə qapalı ingilisdilli sistem yaratmağı bacarsanız, bu sərgüzəştdə iştirak edəcək hər bir işçi bir ay sonra ingilis dilində ünsiyyət qurmağın necə asanlaşdığını görəcək. Bu metod çox kömək edir.

3. Söz bazanızı artırmaq üçün stikerlərdən və ya xüsusi proqramlardan istifadə edin. Bir çox insanlar stikerləri artıq köhnəlmiş metod hesab etsə də bu, hələ də effektivliyini saxlayan üsuldur. Günün əvvəlində ingilis dilində sözləri stikerlərə yazmaq və iş sahənizə yapışdırmaq üçün 5 dəqiqə vaxt sərf edin. Onları istənilən vaxt görə biləcəyiniz yerlərə: kompüterin monitoruna, tapşırıq lövhəsinə, qeyd dəftərinə yapışdırın. Beləliklə, bir həftə ərzində 50-yə qədər yeni söz heç bir problem olmadan öyrənilə bilər.

Daha müasir tədris metodlarının tərəfdarısınızsa, təlim üçün onlayn mənbələrdən istifadə edin və sözləri öyrənməyinizi xatırladan tətbiqləri yükləyin. Məsələn, “EnglishDom” bu məqsədlər üçün “ED Words” adlı bir tətbiq yaradıb. Hər gün ən azı 10 dəqiqənizi yeni sözlər öyrənməyə və bildiklərinizi təkrarlamağa sərf etsəniz, bir ildən sonra lüğətiniz əlavə 2000 söz ehtiva edəcək.

Ən sərfəli kredit üçün müraciət et

4. Məlumatı ingilis dilində axtarın. Əgər peşəniz informasiya texnologiyaları ilə əlaqədardırsa, bu, lap əladır. Məlumatı ingilis dilində axtarın.

Birincisi, bütün mövzularda faydalı məqalələrin əksəriyyəti ingilis dilindədir. Məsələn, IT və rəqəmsal sferada ingilis dilində məlumatların miqdarı məsələn, rus dilinə nisbətən təxminən 5 dəfə çoxdur.

İkincisi, bu şəkildə peşəkar ingilis dilini inkişaf etdirə biləcəksiniz. Lüğət naməlum terminləri anlamaqda kömək edəcək, daha da önəmlisi, dili tamamilə bütöv şəkildə qəbul etməyi öyrənəcəksiniz.

5. Musiqiyə qulaq asın. Düzgün pleylist dinləmə bacarıqlarınızı inkişaf etdirməyə kömək edəcəkdir. İş prosesindən yayınmamaq, həm də əksər sözləri anlamağa imkan verəcək mahnılar seçin. Eminemin mahnılarını çox sevsəniz belə onun sayəsində ingilis dilini öyrənə bilməyəcəksiniz, çünki tələffüz sürəti sizə uyğun deyil. Uitni Hyustonun mahnıları daha məqsədəuyğundur. Nitq mükəmməl səslənir, başa düşüləndir.

Xoşladığınız musiqi üslubunda pleylist yaratmağı məsləhət görürük. Bunun effekti təsadüfi seçilmiş mahnılardan daha yüksək olacaq.

6. Bədii ədəbiyyat oxuyun. Nahar fasiləsindən səmərəli şəkildə istifadə edin. Yarım saatı ingilis dilində qiraətə sərf edin. Bir fincan çay və ya qəhvə içərək maraqlı bir kitab oxumaqdan daha yaxşı nə ola bilər? Bədii ədəbiyyat oxuyarkən orfoqrafiya və punktuasiya bacarıqları, həmçinin cümlə qurmaq qabiliyyəti inkişaf edir. Beyniniz yeni ifadələri şüuraltı səviyyədə mənimsəyir və gələcəkdə uyğun məqam yaranan kimi qavradığınız sözləri nitqinizdə işlədəcəksiniz.

Həmçinin oxu: Məşhur poliqlotdan xarici dil öyrənmək üçün MƏSLƏHƏT

Kitabın düzgün çətinlik səviyyəsini seçmək vacibdir. Elə kitab seçin ki, oxumaq biraz çətin olsun, eyni zamanda əksər ifadələrin mənasını tamamilə və ya heç olmazsa, təxminən anlayasınız. Oxuduğunuz zaman bilmədiyiniz sözlərə rast gələcəksiniz. Onları stikerlərə yazın və ya proqrama yükləyin və 3-cü tövsiyədən istifadə edərək öyrənin.

7. Peşənizlə əlaqəli videolar izləyin.

Müdiriniz sizi iş vaxtı TED və s. bu kimi videolara baxarkən tutsa belə yalnız təqdir edəcəkdir. Videoları altyazı olmadan izləmək idealdır, ancaq dil səviyyəniz deyilənlərin ən azı 80%-ni başa düşmək üçün kifayət etmirsə, videolara subtitrlə baxın.

Sərbəst hərəkət edən və jestikulyasiya edən bir mühazirəçinin videsunu izləmək çox yaxşıdır. Beləliklə, həm nitqi eşidəcək, həm də müəllimin jestikulyasiyasını müşahidə edəcəksiniz.

Əsas odur ki, müntəzəmliyə əməl edəsiniz. Həftədə 2 saat məşğul olmaqdansa, hər gün yarım saat məşğul olmaq daha faydalıdır. Öyrənməyə həvəsli olun, lakin çox da aludə olmayın. Hər halda işləri çatdırmayıb rəhbərliklə münasibətləri korlamaq istəməzsiniz. İşinizdən və xarici dilləri öyrənməkdən zövq alın. Uğurlar!

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et