Müəllif:Mehin Qasımova,Banco.az
İraq OPEC tərəfindən ölkəyə daha yüksək neft hasilatı kvotası ayrılmayacağı təqdirdə təşkilatdan çıxmağı nəzərdən keçirə bilər.
Banco.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İraqın yüksək vəzifəli rəsmilərindən biri məlumat verib.
Mənbənin sözlərinə görə, rəsmi Bağdad İran-İraq müharibəsi dövründə yaranmış satış itkilərinin və maliyyə çətinliklərinin təsirlərini kompensasiya etmək üçün neft hasilatını artırmağa ehtiyac duyur. Bu səbəbdən İraq OPEC çərçivəsində daha yüksək istehsal kvotasının ayrılmasını istəyir.
Rəsmi qeyd edib ki, hazırda İraqın OPEC-dən çıxması ilə bağlı yekun qərar yoxdur və ölkə hələlik təşkilatda fəaliyyətini davam etdirir.
Qeyd edək ki, OPEC və onun tərəfdaşları üzv ölkələrin hasilat imkanlarının yenidən qiymətləndirilməsi məqsədilə araşdırma aparırlar. Bu araşdırma çərçivəsində hər bir ölkənin texniki baxımdan nə qədər neft hasil edə biləcəyi müəyyənləşdiriləcək.
Gözləntilərə görə, araşdırma ilin sonunadək tamamlanacaq və nəticələr 2027-ci il üçün neft hasilatı hədəflərinin müəyyən edilməsində əsas götürüləcək.
