Ağır xarici iqtisadi təzyiqlər və milli valyutanın dollar qarşısında zəifləməsini yaşayan İranda inflyasiya rekord həddə çatıb.
2018-ci ilin oktyabrında İranda illik inflyasiya 36,9% təşkil edib. Halbuki sentyabrda illik bahalaşma 31,4% olmuşdu. Bu, 2013-cü ilin sentyabrından indiyədək inflyasiyanın ən yüksək həddidir.
İranda bütün əsas istiqamətlərdə qiymətlər sürətlə artıb.
Belə ki, mənzil-kommunal xidmətləri 12,8%, ərzaq malları və içkilər 55,9%, nəqliyyat xidmətləri 58,6% bahalaşıb.
Bu dövrdə İranda mebel və məişət texnikası 71,8%, ayaqqabı və geyim 39,3%, səhiyyə xidmətləri 19,1%, istirahət və mədəniyət xidmətləri 80%, təhsil xərci 19,1%, restoran və hotellərdə qiymətlər 28,2% yüksəlib.
Qonşu ölkədə rabitə qiyməti 49,1%, tütün 165,3% bahalaşıb.
Təkcə oktyabr ayında qiymətlər 4,6% yüksəlib. Sentyabrda artım daha böyük idi – 6,1%.
Qeyd edək ki, 1957-ci ildən indiyədək olan dövrü götürəndə İranda illik inflyasiya orta hesabla 13,92% təşkil edib. Ölkədə inflyasiyanın ən yüksək illik göstəricisi 1995-ci ilin mayında qeydə alınıb - 59,02%. Ən aşağı qiymət artımı, daha dəqiqi deflyasiya isə 1958-ci ildə baş verib – (-3,27%).
FED.az