Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) cari ilin birinci rübü ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.
QKDK-nın sədri Rüfət Aslanlı 2015-ci ilin 1-ci rübü ərzində dünyanın inkişaf etmiş iqtisadiyyatlarında maliyyə böhranının yaşanmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatının özünün artım tempini qoruyub saxladığını bildirib. R.Aslanlı ölkə başçısı İlham Əliyev tərəfindən sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində cari ilin ilk rübündə qeyri-neft sektorunun ümumi daxili məhsulun əksər hissəsini təşkil etdiyini, inflyasiyanın aşağı səviyyədə olduğunu, eləcə də dövlət investisiya proqramlarının əhatə dairəsini daha da genişləndirdiyini vurğuladı. Sədr dünya bazarında neftin qiymətinin aşağı düşməsinin qlobal iqtisadiyyata çox sıx inteqrasiya olunmuş Azərbaycanın xarici valyuta gəlirlərinə təsir etdiyini, bununla yanaşı, ölkənin maliyyə sektorundakı fəaliyyətində fərqli aspektlərin müşahidə olunduğunu və bu sferada artımın təmin olunması üçün monetar siyasətdə dəyişikliyin zəruri olduğunu qeyd etdi. Komitə sədri ölkənin maliyyə sektorunda baş verən devalvasiya siyasətinin kapital bazarlarındakı aktivliyə təsirsiz ötüşmədiyini vurğulayaraq, bazardakı əməliyyatların sayında 22 faizlik artımın müşahidə olunduğunu, investorların uzunmüddətli aktivlərə, bazarda likvidliyi təmin olunan korporativ istiqrazlara marağının azaldığını bildirdi. R.Aslanlı bazardakı törəmə alətlərin ticarətində artımın 4 milyard manatı üstələdiyini, cari ilin birinci rübündə bazardakı ticarətin 80 faizini təşkil etdiyini diqqətə çatdıraraq, növbəti rübdə də bu proseslərin davam edəcəyinə ümid bəslədiyini və kapital bazarlarının dayanıqlılığının qorunması üçün lazım olan əlavə tədbirlərin mütəmadi diqqət mərkəzində saxlandığını qeyd etdi. Sədr Azərbaycan hökumətinin bütün sahələrdə olduğu kimi, maliyyə sferasında da uzunmüddətli proqnozlarının özünü doğrultduğunu, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin düzgün icrası nəticəsində dünya iqtisadiyyatında müşahidə olunan mənfi tendensiyaların ölkənin maliyyə bazarlarına az təsir göstərdiyini vurğuladı.
İclasda QKDK-nın sədrinin müavinləri və aparatinin rəhbəri çıxış edərək, kurasiyalar üzrə struktur bölmələr tərəfindən bu ilin birinci rübü ərzində həyata keçirilmiş tədbirlər və onların strateji fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat verdilər.
Sonra “Kapital bazarlarının müasirləşdirilməsi” layihəsinin icra statusuna dair hesabat dinlənildi və bununla bağlı fikir mübadiləsi aparıldı.
Kollegiyanın sədri R.Aslanlı 2015-ci il üzrə struktur bölmələrin əməliyyat planlarında nəzərdə tutulan tədbirlərin vaxtında və effektiv icrasının təmin edilməsinə dair tapşırıqlarını verdi. Sədr kapital bazarı üzrə yeni hüquqi mühitin yaradılmasını labüd edən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin birinci oxunuşda Milli Məclisin plenar iclasında qəbul edildiyini bildirdi. R.Aslanlı qanun qəbul edildikdən sonra gələcəkdə institusional tədbirlərin gücləndirilməsi çərçivəsində maliyyə vasitəçilərinin restrukturizasiyası, həmçinin depozitar və klirinq sistemlərinin yeni hüquqi mühitdə fəaliyyət göstərməsi kimi tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tapşırıqlarını verdi.
azertag.az