Ölkə valyutasının kəskin aşağı düşməsilə ilə əlaqədar yaranmış böhranın Türkiyə iqtisadiyyatına qarşı bir hücum olduğunu bildirən prezident Rəcəb Tayyib Ərdoğan, bu hücumun Türkiyə bayrağına edilən bir hücumdan fərqi olmadığını vurğulayıb.
“İqtisadiyyatımıza qarşı hücum birbaşa bayrağımıza və azanımıza edilən hücumdur. Heç bir fərq yoxdur, məqsəd aydındır. Onlar Türkiyə və türk xalqını diz çökdürmək istəyirlər”, avqustun 20 – də Qurban Bayramı münasibətilə xalqa müraciət edən Ərdoğan bu sözləri söyləyib.
Ərdoğanın bu mesajı birbaşa ABŞ administrasiyasına istinad etməsə də, iki dövlət arasında keşiş Endrü Brunsonun terror təşkilatları ilə əməkdaşlıq səbəbilə həbs edilməsi ilə bağlı yaranmış cari münaqişənin nəzərdə tutulduğu aydın bilinir.
Xatırladaq ki, avqustun 17 – də etdiyi açıqlamada, Türkiyəni keşiş azad edilmədiyi təqdirdə əlavə sanksiyalar tətbiq edəcəyi ilə bağlı təhdid edən ABŞ prezidenti Donald Tramp, “Biz onları diz çökdürmək niyyətində deyilik” deyə bildirmişdi.
Tamara Mustafayeva, Banco.az