İqtisadçıların həyatından 006 | Banco.az

İqtisadçıların həyatından 006

Fridrix Avqust fon Hayek 8 may 1899-cu ildə Vyanada anadan olub. I Dünya müharibəsində iştirak edən F.Hayek müharibə bitdikdən sonra 1918-ci ildə hüquq üzrə Vyana Universitetinə daxil olur. Növbəti təhsilini isə iqtisadiyyat üzrə davam etdirib. Babası Mərkəzi Statistika idarəsinin rəhbəri idi və iqtisadiyyata olan marağının artmasında da babasının müstəsna rolu olub. O, 1927-ci ildə Avstriya Dövlət İqtisadi Tədqiqatlar İnstitutunun rəhbəri, 1929-1949-cu illərdə isə London İqtisad Məktəbinin professoru olub. Avstriyadan anadan olmasına baxmayaraq 1938-ci ildə Britaniya vətəndaşlığını qəbul edib. F.Hayek 1950-1962-ci illərdə Çikaqo Universitetində, 1963-1968-ci illərdə Frayburq Universitetində professor kimi çalışıb. 

Hayek XX əsrin ən böyük sosial nəzəriyyəçisi idi. O, müasir neoliberalizmin görkəmli nümayəndələrindən biri və banisi olub. Bazar iqtisadiyyatını XX əsrin ortalarından etibarən yüksələn sosialist hərəkatına qarşı müdafiə etməklə məşhurlaşmışdır. 1930-1940-cı illərdə Avstriya məktəbinin əsas nümayəndəsi olan Hayek həmçinin Con Meynard Keynsin rəqibi hesab olunurdu. İqtisadi azadlıq, insan azadlığı Hayekin iqtisadi fəlsəfi baxışlarının əsas prinsipini təşkil edir. O göstərirdi ki, yalnız bu halda insanlar öz biliklərini səmərəli tətbiq edə bilər. Pul və iqtisadi dəyişikliklər nəzəriyyəsinə və iqtisadi, sosial və institusional məfhumların qarşılıqlı dərin analizi üzrə əsaslı tədqiqat işinə görə 1974-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatını zidd düşüncəyə sahib olduğu Qunnar Myurdalla bölüşmüşdür. Hayek Nobel Mükafatını alarkən çıxışı zamanı bütün iqtisadçıların real iqtisadiyyatdan  uzaq olduğunu və buna görə də onlara nifrət etdiyini demişdir.

İqtisadi azadlığın yeganə əsasını xüsusi mülkiyyətdə görən Hayek dövlətin iqtisadiyyata hədsiz müdaxiləsini bu azadlıqların pozulması kimi qəbul edir və dövlət müdaxiləsinin bütün sahələrdə məhdudlaşdırılmasını təklif edirdi. Dövlətin rolunu yalnız sosial sahədə, pensiya və yardımların verilməsində görür, təhsil, mənzil, sosial sistemdəki fəaliyyətini isə inzibati idarəçilik hesab edirdi. Bazar qaydalarının öz-özünə tənzimlənməsini ən səmərəli sosial sistem hesab edən Hayekə görə, rəqabət yığılmış, toplanmış biliyin üzə çıxarılması, aşkar edilməsidir. O, ancaq bazar iqtisadiyyatı şəraitində ehtiyatların səmərəli bölgüsünün mümkün olduğu fikrini irəli sürürdü. 

İqtisadçıya görə, inflyasiyanın mənbəyi qiymətlər nisbətində qeyri-bərabərliyin yaranmasıdır. Bundan çıxış yolunu dövlətin pul buraxılışı üzərində inhisarçılığını aradan qaldırmaqda və pulun qısamüddətə ixtisarında görürdü.

1974-cü ildә iqtisadiyyat sahәsindә İsveç iqtisadçısı Qunnar Mürdal ilə birgə “pul, iqtisadi titrәyişlәr vә bunların iqtisadi, sosial vә tәşkilati bağlılıqlarını öyrәnәn tәdqiqatlarına görә” Avstriya vә Böyük Britaniya iqtisadçısı Fridrix fon Hayek Nobel mükafatı alıb.

Ən sərfəli kredit üçün müraciət et

F.Hayek 23 mart 1992-ci ildə Almaniyanın Frayburq şəhərində 92 yaşında vəfat etmişdir

Əsas elmi əsərləri: 

 

1. Pul nəzəriyyəsi və konyukturun nəzəriyyəsi (Geldtheorie und Konjunkturtheorie - 1929); 

2. Pul və istehsal (Prices and production - 1931); 

3. Xalis kapital nəzəriyyəsi (The Pure theory of capital - 1941); 

4. Qul olmaya gedən yol (The Road to serfdom - 1944); 

5. Azadlıq konstitusiyası (Constitution of liberty - 1960); 

6. Hüquq, qanunvericilik və azadlıq (Law, legislation and liberty - 1973-1979); 

7. İşsizlik və monetar siyasət: dövlət işgüzar tsiklin mənbəyi kimi (Unemployment and monetary policy: Government as generator of the business cycle - 1979); 

8. İqtisadi fikrin istiqaməti: siyasi iqtisad və iqtisadi tarixə dair oçerkləri (The trend of economic thinking: essays on political economists and economic history - 1991).

Hazırladı: Tahir Əsgərli və Tərlan Qəhrəmanova

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

iqtisadçıları tanıyaq, nobel iqtisadçıları, iqtisadçı alimlər, iqtisadçılar

Ən sərfəli krediti almaq üçün müraciət et