İqtisadçı "Muğan Bank"la bağlı daha bir məsələni şərh edib | Banco.az

İqtisadçı "Muğan Bank"la bağlı daha bir məsələni şərh edib

"Muğan Bank"ın müflis elan edilməsi daha bir vacib məsələni gündəmə gətirdi. Belə ki, bankda depoziti olanların əmanətləri üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir. Sığorta hadisəsi isə bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması barədə məhkəmə qərarının qüvvəyə minməsidir. Yəni, "Muğan Bank"dakı qorunan əmanətlərə artıq faiz hesablanmır və həmin məbləğlər dəyişməz qalıb. Əmanətlərin ödənilməsinin 90 və bəzi hallarda 180 gün tələb etdiyini nəzərə alsaq o halda bu müddətdə əmanətlər passiv vəsait kimi hesabda qalacaq". 

Banco.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov "Muğan Bank"ın bağlanması ilə bağlı növbəti açıqlamasında deyib. 

İqtisadçının sözlərinə görə, məsələn, vətəndaşın bankda 30 min manat əmanəti olub və bank müflis olandadək onun depozitinə 2700 manat faiz hesablanıb. Bununla da cəmi əmanət məbləği 32700 manat olub: "Əgər bank müflis olmasaydı onun depoziti ilin sonunda 33600 manat olmalı idi. Amma bank müflis olduğundan onun depoziti 3 ay sonra ödənilsə də vətəndaşımız 33600 manat deyil, 32700 manat alır. Praktik olaraq, vətəndaşın depoziti ondan asılı olmayan səbəbdən hesabda passiv formada saxlanılır. Əksinə, vətəndaşın müflis olanda bankda krediti varsa, həmin kreditə faiz hesablanması davam edir. Yəni, eyni vətəndaşın "Muğan Bank"da həm depoziti və krediti varsa, o halda onun depozitinə faiz gəliri hesablanması dayandırılır, kreditinə isə aylıq faizlər əlavə olunur. Nəticədə, depozit üzrə tam gəlir əldə edə bilməyən vətəndaş kredit üzrə öhdəliyini tam ödəməli olur". 

V. Bayramov son olaraq qeyd edib ki, bu baxımdan əmanətlərə faizlərin sığorta hadisəsi baş verən günə deyil, vəsaitin ödənilməsi barədə qərarın veriləcəyi tarixədək hesablanmasını təklif edirik: "Bu halda 12 fazilə bankda 30 min manat əmanəti olan vətəndaşın depozitinə 3 ayda orta hesabla 900 manat faiz gəliri hesablanıb əlavə olunacaq. Bu halda vətəndaşın sığortalanmış depoziti ödənilən zaman ona 32700 manat deyil, müqavilədə göstərilən kimi 33600 manat veriləcək. Nəticədə, bankın müflis olması vətəndaşımızın əmanət gəlirlərini azaltmayacaq". 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə "Muğan Bank"ın lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib. Mərkəzi Bankın məlumatına görə, "Muğan Bank" tərəfindən Əmanətlərin Sığortalanması Fonduna təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 mln. manat təşkil edir. Qeyd edilib ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et