İqlim dəyişikliyi səbəbilə bu şəhərlər su altında qala bilər | Banco.az

İqlim dəyişikliyi səbəbilə bu şəhərlər su altında qala bilər

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqlim böhranı və qlobal istiləşmə bir çoxları üçün uzaq təhlükə kimi görünsə də, elmi məlumatlar bəzi böyük şəhərlərin yaxın gələcəkdə su altında qalmaq riski ilə üzləşdiyini göstərir.

Banco.az xəbər verir ki, bu barədə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) hesabatlarına əsaslanan Climate Central layihəsinin xəritələrində qeyd edilir.

Xəritələrə görə, karbon emissiyaları və qlobal istiləşmə indiki sürətlə davam edərsə, dünyanın 15 böyük şəhəri 2030-cu ilə qədər yüksələn dəniz səviyyəsinin yaratdığı risklərlə üzləşə bilər. Söhbət fırtına və ekstremal hava hadisələrinin yaratdığı müvəqqəti daşqınlardan deyil, dəniz səviyyəsinin yüksəlməsi nəticəsində yaranacaq daimi su basma riskindən gedir.

Ən çox risk altında olan şəhərlər bunlardır:

Amsterdam (Niderland)

Şimal dənizinin təhdidi ilə üzləşən Amsterdamı eləcə də Rotterdam və Haaqanı qoruyan bənd və sədd sistemləri qarşıdakı illərdə ciddi sınaqla üzləşə bilər.

Venesiya (İtaliya) 

Dəniz səviyyəsinin yüksəlməsi ilə yanaşı, şəhərin hər il təxminən 2 millimetr çökməsi vəziyyəti daha da ağırlaşdırır. Tez-tez baş verən daşqınlar tarixi binalara zərər vurur.

Banqkok (Tayland)

Cəmi 1,5 metr yüksəklikdə yerləşən şəhər ildə 2-3 santimetr sürətlə batır. Sahilyanı ərazilər və Suvarnabhumi Beynəlxalq Hava Limanı da risk altındadır.

Nyu-Orlean (ABŞ)

Şəhəri qoruyan nəhəng bəndlər yüksələn suların qarşısını almaqda çətinlik çəkir. Xüsusilə bəzi təbiət qoruqlarının tamamilə su altında qalmaq təhlükəsi var.

Ho Şi Minh (Vyetnam)

Şəhərin xüsusilə şərq əraziləri və Mekonq deltası boyunca yerləşən yaşayış məntəqələri ciddi risk altındadır. Tayfunlar və güclü musson yağışları vəziyyəti daha da ağırlaşdıra bilər.

Risk altında olan digər şəhərlər arasında Naqoya, Dandun, Banjarmasin, Khulna, Kolkata, Bəsrə, Port-Səid, Savanna və Corctaun da yer alır. Bu şəhərlərin bir qismi yüksələn dəniz səviyyəsi, digərləri isə torpağın çökməsi, güclü yağışlar və çay daşqınları ilə üz-üzədir.

İqlim dəyişikliyinin yaratdığı təhlükələrə qarşı ən radikal addımlardan birini isə Maldiv adaları atır. Ölkə dəniz səviyyəsinin yüksəlməsindən qorunmaq üçün süni və “üzən şəhər” layihəsi üzərində işləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram