İpoteka kreditləri daha əlçatan olacaq? | Banco.az

İpoteka kreditləri daha əlçatan olacaq?

Müəllif:Ayşən İmanova/Banco.az

Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə bağlı imzaladığı yeni fərman haqqında danışıb.

Banco.az xəbər verir ki, deputat bildirib ki, hər il dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına artırılan Fondun nizamnamə kapitalı sosial ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilir.

Vüqar Bayramov qeyd edib ki, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar edilir və ilin sonunda həmin vəsait nizamnamə kapitalına əlavə olunur. Deputat vurğulayıb ki, Fondun nizamnamə kapitalı artdıqca, daha çox ipoteka krediti təklif etmək mümkün olur:

Ən sərfəli kredit üçün müraciət et

“Bu həm də güzəştli şərtlərlə kredit portfelini genişləndirir, yəni daha çox vətəndaşımız güzəştli ipoteka kreditlərindən faydalana bilir.”

Qeyd edək ki, bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 51 min 778 ipoteka krediti verilib və verilən kreditlərin ümumi məbləği 3 milyard 249 milyon manatdan çoxdur.

Məlumat üçün bildirək ki,  Prezident İlham Əliyev tərəfindən imzalanan yeni fərmana əsasən, Fondun nizamnamə kapitalı 980 milyon 700 min manatdan 1 milyard 68 milyon 400 min manata qaldırılıb.