Saxta ipoteka kreditlərinin, sui-istifadələrin sayı arta bilər – hüquqşünas ekspert Əkrəm Həsənov, ipoteka kreditinin şərtlərinin sadələşdirilməsi ilə bağlı məsələyə öz münasibətini bildirib. Ekspert öz şərhində bir sıra maraqlı məqamlara toxunub.
Deyilənə görə, ipoteka krediti şərtləri dəyişdiriləcək: məbləğ 100 000-ə çatacaq, faiz dərəcəsi düşəcək və s. İlk baxışdan əhalinin xeyrinə olan qərardır. Bəs əslində?
Əlbəttə, istisna etmirəm ki, kimsə həqiqətən ucuz və sərfəli kredit şərtləri ilə mənzil ala biləcək. Lakin bütövlükdə bu addım ilk növbədə daşınmaz əmlakın şişirdilmiş qiymətlərinin bir müddət də saxlanılmasına hesablanıb (bu vəsaitin qeyri-neft sektorunun inkişafına sərf edilməsi daha yaxşı olardı!). Hazırda daşınmaz əmlak alan azdır, hamı qiymətin kəskin düşməsini gözləyir. Əvvəl-axır düşəcək də. Bu baxımdan hətta ipoteka krediti hesabına belə, bahalı ev alanların sayı çox olmayacaq. Bilə-bilə ki, qiymətlər düşəcək, niyə bahalı ev alsınlar ki?!
Bəs onda ipoteka krediti şərtlərinin yumşaldılmasından kim yararlanacaq? Böyük risk var ki, nəticədə saxta ipoteka kreditlərinin sayı artacaq. Məlumdur ki, hazırda bir çox şəxsə, o cümlədən sahibkarlara (elə bankların və onların sahiblərinin özünə də!) pul lazımdır, özü də manatda. Onlar ipoteka krediti adı ilə ucuz kreditdən yararlanmağa can atacaq. Necə? Hansısa yaxın adamının evini formal olaraq alacaq, amma əslində ev elə əvvəlki adamda qalacaq, puldan isə başqa məqsədlər üçün istifadə olunacaq.
Ən sərfəli kredit üçün müraciət et Problem ondadır ki, İpoteka Fondunun fəaliyyəti və verilən ipoteka kreditləri qeyri-şəffafdır. Adam var ki, bir neçə evi var, amma ipoteka krediti yolu ilə də ev alır. Bəlkə də bir ailə bir neçə belə kredit alıb. Buna nəzarət yoxdur. Qanunvericilikdə müvafiq məhdudiyyət və tələblər yoxdur. Olması Mərkəzi Bankın və İpoteka Fondunun məmurlarına sərf etmir.
İpoteka krediti güzəştli kreditdir, dövlət hesabına verilir. Qanunvericilik də bu amillərə uyğunlaşdırılmalıdır. Burada bank və kommersiya sirri olmamalıdır. Bütün kredit alanların adı və onlara dair məlumatlar İpoteka Fondunun saytında açıq yerləşdirilməlidir. Tam şəffaflıq təmin edilməlidir! Yaxşı olardı ki, qanunvericilik dəyişəndə bu məsələlər də nəzərə alınsın.