"Hal-hazırda Azərbaycanda problemli kreditlər məsələsi olduqca aktualdır. Lakin kredit portfelinin strukturuna diqqətli şəkildə nəzər yetirsək, ipoteka kreditinin ən etibarlı kredit növü olduğunu görə bilərik. Sözügedən kreditin yüksək etibarlılıq dərəcəsi nümayiş etdirməsinin ilk səbəbi ipoteka kreditlərinin verilməsi üzrə şərtlərin olduqca sərt olması və digər istehlak kreditləri ilə müqayisədə, istənilən şəxsin bu krediti əldə edə bilməməsidir. Problemli kreditlər insanların öz imkanlarını düzgün şəkildə qiymətləndirə bilməməsi səbəbilə meydana gəlir. İnsanlar hər zaman ipoteka mexanizmini tənqid edir və bu mexanizmin sadələşdirilməyə ehtiyac duyduğunu vurğulayırlar. Lakin ipoteka kreditinin hər kəsə deyil, yalnız çox az sayda insana verilməsi də bu kreditin üstün tərəflərindən biri kimi qiymətləndirilməlidir. Yalnız öz imkanlarını düzgün şəkildə qiymətləndirməyi bacaran və götürdüyü krediti həqiqətən də ödəmək iqtidarında olan şəxslərə bu kredit verilə bilər". Bu fikirləri "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev məsələ ilə bağlı açıqlamasında səsləndirib.
"Bu səbəbdən ölkəmizdə problemli ipoteka kreditlərinin həcmi olduqca aşağıdır. Problemləri yaradan növbəti səbəb isə ondan ibarətdir ki, insanlar bir çox şeyi - evlərini, maşınlarını itirmək təhlükəsini gözə almağa hazırdırlar. Götürdüyü krediti ödəyə bilməyən və bu səbəbdən də öz evini satışa çıxarmaq məcburiyyətində qalan borcalanlara gəldikdə isə deyə bilərəm ki, ölkəmizdə bu məsələ ilə bağlı narahatlığa heç bir əsas yoxdur. Qeyd edim ki, ABŞ-da böhran ərəfəsində daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşmışdı. ABŞ-dan fərqli olaraq, hal-hazırda Azərbaycanda qiymətlərdə artım müşahidə olunur. Düzdür, böhran dövründə bir qədər azalma qeydə alınmışdı. Lakin hal-hazırda müşahidə olunan artımın daha bir neçə il davam edəcəyi gözlənilir", deyə ekspert vurğulayıb.
Sevinc İbadova/Banco.az