“iPhone”un 10 yaşı tamam oldu | Banco.az

“iPhone”un 10 yaşı tamam oldu

ABŞ-ın “Apple” korporasiyasının istehsal etdiyi və hazırda dünyanın ən populyar “ağıllı” telefonu olan “iPhone”un 10 yaşı tamam olub.

 2007-ci il iyunun 29-da ilk “iPhone”un satışına başlanıb. Əvvəlcə çoxları yeni cihazın perspektivlərinə şübhə ilə yanaşıb. Onlar hesab edirdilər ki, klaviaturasız cihaz uğur qazana bilməz. Lakin “iPhone” seriyasının meydana çıxması və tədricən inkişafı bu fikirləri boşa çıxararaq bütün ağıllı cihazlar sənayesinə ciddi təsir göstərdi.  

“iPhone” satışlarına ilk olaraq “Apple”ın öz mağazalarında və “AT&T” operatorunun salonlarında başlanıb. Bu operatora qoşulmaq o zaman yeni smartfonu əldə etməyin məcburi şərti idi. Mağazaların qarşısında böyük növbələr yaranırdı, minlərlə insan “iPhone”u ilk əldə edənlər sırasında olmaq istəyirdi. “Sony PlayStation 3” oyun konsolunun buraxılışı zamanı baş verən qarətləri, hətta atışmaları nəzərə alan “Apple” satışlardan əvvəl mühafizə üçün polis dəstələri cəlb edib.   

“The Verge” saytı hesab edir ki, “iPhone”un uğuru həm də “Apple”dan əvvəl analoji cihazlar buraxan istehsalçıların uğursuzluğundan qaynaqlanır. Nəticədə “Apple” bu təcrübələri də öz işində nəzərə alıb.

Ən sərfəli kredit üçün müraciət et

“Apple”ın ilk smartfonu şirkətin mərhum rəhbəri Stiv Cobsun 2007-ci ilin yanvarında keçirdiyi təqdimatdan yarım il sonra bazara çıxarılıb. 2016-cı ilin iyul ayında “iPhone” satışlarının ümumi miqdarı 1 milyard ədədi keçib. 10 il ərzində “Apple” smartfonları şirkətin ən uğurlu məhsulu olub və onun gəlirini yarısını təmin edir.

İlk nəsil smartfonlardan sonra “Apple” hər il “iPhone”un yeni versiyalarını buraxıb. 2008-ci ildə 3G dəstəkli “iPhone” çıxıb və elə həmin il “App Store” əlavələr mağazası fəaliyyətə başlayıb. 2009-cu ildə “iPhone”da video çəkilişi funksiyası, 2010-cu ildə Retina-displey, 2011-ci ildə “Siri” səs köməkçisi və “iCloud” bulud xidməti istifadəyə verilib. 2012-ci ildə “Apple” 4 düym displeyə malik, “Lightning” və LTE dəstəkli “iPhone“ buraxıb, 1 il sonra isə “Tuch İD” datçiki bunlara əlavə olunub. 2014-cü ildə 4,7 və 5,5 ekran ölçülü smartfonlar, bir il sonra bu modellərin “3D Touch”, “Live Photos”, 4K formatında video çəkilişi funksiyalarına malik yenilənmiş versiyaları satışa çıxarılıb. Nəhayət, ötən payızda şirkət “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarını təqdim edib.

Bu ilin payızında “Apple”ın 3 yeni smartfon təqdim edəcəyi gözlənilir. Söhbət “iPhone 7s” və “7s Plus”, eləcə də “iPhone 8” modelindən gedir.

Lent.az

Ən sərfəli krediti almaq üçün müraciət et