İcbari Sığorta Bürosu (İSB) Azərbaycanın bank sektorunda yaranmış vəziyyətlə əlaqədar investisiya siyasətinə yenidən baxacaq. “Report” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında İSB-nin icraçı direktoru Elxan Quliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi qurum 33,268 mln. manatlıq sığorta ehtiyatına malikdir və bu vəsaitin təxminən 80%-i daxili bazarda, əsasən Azərbaycan banklarında yerləşdirilib. Mövcud vəziyyət bank seçiminə daha diqqətlə yanaşmağa, investisiya portfelinin bölgüsünü bir daha nəzərdən keçirməyə zərurət yaradır.
E.Quliyev onu da qeyd edib ki, hazırda İSB-nin investisiya portfeli ABŞ dolları, avro və manatda, eləcə də bu 3 valyuta üzrə qiymətli kağızlarda yerləşdirilib: “Dolların payı 38%, avronun payı 30%, manatın payı 32%-dir. Təkcə 5 mln. avro investisiya qoyuluşu "Yaşıl Kart" sisteminə qoşulmağımızla əlaqədar tələb əsasında həyata keçirmişik. İlin sonuna investisiya portfelinin 34 mln. manata çatacağını gözləyirik”.
Mənbə: Report.az