“İnvestisiya etmədən öncə bazar araşdırması etmək vacibdir” – Orxan Qasımov ilə müsahibə | Banco.az

“İnvestisiya etmədən öncə bazar araşdırması etmək vacibdir” – Orxan Qasımov ilə müsahibə

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Hazırda maliyyə alətləri arasında səhm və istiqrazlara maraq böyükdür.

Banco.az bu iki qiymətli kağız arasında fərq, eyni zamanda bu sahədə yeni başlayan investorları maraqlandıran suallara cavab vermək üçün "Lifeguard" şirkətinin təsisçisi, səhm və kripto bazarlar üzrə ekspert Orxan Qasımov ilə söhbət edib.

Orxan bəy, ilk növbədə səhm və istiqrazlar arasındakı fərqi bilmək istərdik. Bu sahədə yeni olan investorlar bu iki maliyyə aləti arasındakı hansı fərqi bilməlidirlər?

Səhm onu alan şəxsə otaqlıq hüququ verir. İstiqraz isə istiqraz sahibinə əvvəlcədən təyin edilmiş məbləğdə faiz və təyin edilmiş vaxtın sonunda isə verdiyi pulu geri almaq hüququ verir.

Yəni, istiqraz müəyyən müddətə geri ödənilmək şərtilə alınan və sahibinə nominal dəyərin müəyyən faiz nisbətində gəlir götürmək hüququ verən borc qiymətli kağızlarıdır. Bunu iki  şəxs arasında borclanmanın predmeti kimi başa düşmək olar. Səhm isə hər hansı bir səhmdar cəmiyyəti formasında yaradılmış şirkətin müəyyən bir hissəsinə sahib olduğunuzu və həmin şirkətin illik hesabatında göstərilmiş xalis mənfəətinin sahib olduğunuz hissə payı qədər hissəsini qazanmağa imkan verən qiymətli kağızdır.

Uzun illərdi azərbaycanlı investorlar investisiyalarını daşınmaz əmlaka və ya qızıl kimi qiymətli əşyalara yatırmağa üstünlük veriblər. Amma indi bu tendensiyanın qiymətli kağızların xeyrinə dəyişdiyini görürük. Buna səbəb nədir?

İnvestorlar zaman keçdikcə qiymətli kağız bazarının daha volatili və gəlirli olduğunu görürlər. Əgər doğru investisiya edilərsə, səhmini aldıqları şirkətlərin bazar dəyəri qalxdıqca investisiyalarının yüksək dəyər qazandığını görəcəklər. Bu da onların yenidən qiymətli kağız bazarına marağının artmasına səbəb olur.  

Hansı halda istiqraz sahibi ziyanla üzləşə bilər? İstiqraz alan şəxs nə dərəcədə maliyyə itkisindən sığortalanır?

Bu tamamilə istiqraz sahibindən və  istiqrazını aldığı şirkətin etibarlı olmasından asılıdır. İnvestor  xarici bazardan  az araşdırılmış istiqraz aldıqda, həmin şirkət ləğv və ya iflas olarsa, istiqraz sahibinin hüquqi marağı təmin olunmaya bilər.

Amma qanuni cəhətdən  istiqraz sahibinin ləğv olunan şirkətdən pulunu geri almağı səhmdardan daha qabaqdadır. Çünki, səhmdar şirkətin ortağı sayılır, istiqrazçının borcu isə şirkətin ödəməli olduğu borcdur.

Səhm almaq üçün hansı bazarlar olduqca sərfəlidir?

Ən məşhur səhm bazarlarına  Nastaq, Nyu-York, London, Tokyo, Şanqay , Honkonq fond birjaları, Euronex və s misal görsətmək olar.

Son günlərdə “Gamestop” səhmi yüksəlməkdədir. Azərbaycanda da bu səhmə yatırım edənlər var, bu barədə sosial şəbəkələrdə yazanlar çoxdur. Necə düşünürsüz, bu tipdə inkişaf vəd edən səhmlərə yatırım etmək riskli sayıla bilərmi?

Ümumiyyətlə səhm almağa qərar verdikdən sonra etibarlı , yuxarıda qeyd etdiyimiz birjalarda qeydiyyatdan keçmiş brokerlərlə məsləhətləşmək və iş görmək daha yaxşıdır.

Amma “Gamestop”un və ya hər hansı digər məşhur şirkətin  səhmlərinin bundan sonra  dəyər qazanacağı və ya itirəcəyi haqqında proqnoz vermək doğru olmaz. Bu həm şirkət daxilində, həm də qlobal səviyyədə baş verəcək proseslərdən asılıdır.

Bu iş hansı səviyyədə peşəkarlıq tələb edir? Səhm alış-verişi edən şəxslər də kiçik büdcə ilə belə addımlar ata bilərlər?

İnvestisiya edənlərə məsləhətim odur ki, yatırım haqqında informasiyaya malik olsunlar. Daha sonra birjada investisiya barədə qərar qəbul etmək olar. Başlayan zaman, kiçik məbləğlərdə investisiya edib, daima bazarı araşdırmaq tövsiyyə edilir. Yaxşı olardı ki, investisiyanı yalnız bir şirkətə deyil, ümid vəd edən bir neçə şirkətə hissə-hissə etsinlər. Buna da yatırım səbəti deyilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram