İntervülərdə verilən ən çətin 5 sual və cavabı | Banco.az

İntervülərdə verilən ən çətin 5 sual və cavabı

Siz ideal CV hazırlamısınız, mükəmməl bir motivasiya məktubu yazmısınız və nəticə etibarı ilə müsahibəyə dəvət olunmusunuz. Lakin müsahibin otağına daxil olmaq sadəcə bir başlanğıcdır, xüsusilə də onun sizin üçün “hiyləgər” sualları varsa. Müsahibə – bir seçim mərhəlisidir, işəgötürənin vəzifəyə ən yaxşı namizədi seçməyə çalışdığı bir prosesdir. Bu zaman o sizə psixoloji təzyiq göstərə və ya soruşduğu suallarla sizi çaşdıra bilər. Bunun öhdəsindən gəlmək üçün sizin bir qədər hazırlaşmağa ehtiyacınız vardır.
Beləliklə, müsahibə zamanı verilən ən çətin 5 suala məsləhət gördüyümüz müvafiq cavablar.
Sizin ən zəif cəhətiniz nədir?
Bu sualın verilməsində məqsəd namizədə öz zəifliyini etiraf etdirərək ona “qapını göstərmək” üçün səbəb yaratmaqdır. Düzdür, öz zəif tərəflərinizi bilirsiniz, lakin müsahibə zamanı onu biruzə verməməyə çalışın. Belə vəziyyətdə ən yaxşısı zəif cəhətlərinizi güclü kimi görsədməyinizdir. Məsələn: “Mənim zəif cəhətim iş çoxluğuna baxmayaraq, əlavə tapşırılan işə yox deyə bilməmək və istirahət vaxtımı ona sərf etməyimdir”. Artıq sizin zəifliyiniz musahibin diqqətində üstünlük və müsbət cəhətdir.
Necə düşünürsünüz, siz nə qədər maaşa layiqsiniz?
Müsahibə zamanı bu sual da bir qədər çaşdırıcı suallar silsiləsinə daxildir. Birbaşa cavab verməyin. Əksər hallarda müsahibə edən şəxs sizdən “Siz müraciət etdiyiniz vəzifəyə ilə bağlı nə qədər maaşa layiqsiniz?”, sualını soruşacaqdır. Bu zaman bunun işin vəzifələri və tələblərindən asılı olduğunu söyləyin. İlk müsahibə zamanı konkret maaş haqqında danışmayın. Bütün bunlara baxmayaraq onlayn mənbələrdən və axtarış sistemlərindən istifadə edərək nə qədər ödəniş ala biləcəyinizi təxmini müəyyənləşdirin.
Biz nə üçün sizinlə işləməliyik?
Bu suala əvvəlcədən hazırlaşmağı tövsiyə edirik: “Sizi digərlərindən fərqləndirən xüsusiyyətlərinizi qeyd edin”. Həmin an orijinal cavab vermək çətindir. Deyə bilərsiniz ki, “Mənim ən güclü tərəfim – zəhmətsevərliyimdir və məsuliyyətli olmağımdır”, “Qarşıma qoyulmuş hədəflərə çatmaq üçün bütün resurlar bitənə kimi çalışıram”. Əvvəlki iş təcrübəniz və ya iş sahəsində maraqlarınız və bacarıqlarınız haqqında məlumat verin, ideyalarınızla işləyəcəyiniz komandaya çox faydalı ola biləcəyinizə inandırın, başqa obyektiv faktları və çoxsaylı nailiyyətlərinizi bölüşün. Ümumiyyətlə şablon sözlərdən çox istifadə etməyin, şirkət üçün faydalı olan və edə biləcəyiniz işlər haqqında danışın.
Əvvəlki iş yerinizdə nəyi xoşlamırdınız?
İşə götürənlər bu tip suallar verirsə sizin zəifliklərinizi öyrənmək məqsədi daşıyır. Bu situasiyada keçmiş rəhbəriniz və ya çalışdığınız komanda haqqında mənfi fikirlər səsləndirməyin, ordakı problemlərdən danışmayın. Əks halda potensial rəhbərinizdə sizə olan inamı qıra bilərsiniz. Gülümsəyərək:”İş yerini müsbət səbəblərə – imkanlarımı genişləndirmək, bu və ya digər işdə özümü sınamaq, vəzifəmi artırmaq və digər səbəblərə görə tərk etmişdim” – deyə bilərsiniz. Bu zaman işəgötürən fikirləşəcək ki, siz verilən tapşırıqların öhdəsindən gələ bilərsiniz və inkişaf etmək üçün kifayət qədər ambisiyalısınız.
3-4 ildən sonra özünüzü harda görürsünüz?
Bu məqamda verdiyiniz “Bilmirəm” və ya “Gələcək planlarım haqqında fikirləşməmişəm“ cavabı sizin hədəflərinizi müəyyənləşdirmədiyinizi və məqsədsiz şəkildə irəlilədiyinizi göstərir. Bu zaman belə cavab verə bilərsiniz: “Mən imkanlarımı götür-qoy etdim və qərara gəldim ki, özümü bu işə həsr etməyi, qeyd etdiyiniz müddətdə bu sahədə irəliləməyi və sizin şirkətdə karyeramı qurmağı planlaşdırıram.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: asankadr.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç