İnternetin qiyməti niyə dəyişdirilir? – Mütəxəssisdən açıqlama | Banco.az

İnternetin qiyməti niyə dəyişdirilir? – Mütəxəssisdən açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Xəbər verdiyimiz kimi, Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır. 

Bu barədə Banco.az-a açıqlama verən “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin idarə heyətinin sədri, İKT üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, yayılan məlumatlar provayderlərin “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq, 30 gün əvvəl yayımladıqları xəbərdarlıqlara əsaslanır:

“Öncə qeyd edim ki, Azərbaycanda internetin qiyməti qalxmır, aşağı limitli paketlər ləğv olunur. Onun əvəzinə yuxarı limitli paketlər təyin olunur.
Misal üçün ən aşağı qiymətdə olan 18 manatlıq 40 meqabit paket ləğv olunur, onun əvəzinə 25 manata 100 meqabitlik paket ən aşağı limit kimi təyin olunur. 
Burada daha öncə 40 meqabit üçün meqabit başına 45 qəpik ödənilirdisə, hazırda 100 meqabit 25  manat olanda meqabit başına 25  qəpik ödənəcək. Bu o deməkdir ki,  internet meqabit başına 45 qəpikdən 25 qəpiyə düşüb. Bütün bunlar   internetin qalxması yox, aşağı düşməsi deməkdir. Nəticədə, limitlər qalxdığı üçün vətəndaş ən aşağı paketi daha çox pul ödəyir”. 

Ən sərfəli kredit üçün müraciət et

Ölkədə sürətin artımı ilə bağlı qərarın səbəbləri barədə danışan Elvin Abbasov vurğulayıb ki, yerli, özəl və dövlət olmasından asılı olmayaraq qurulan internet infrastrukturu, öz büdcələri hesabına və iqtisadi göstəriciləri ilə hərəkət edirlər. 

“Ümumiyyətlə, internet infrastrukturu daim inkişaf etməlidir. Bunun üçün də yeni avadanlıqlar almaq məcburiyyəti yaranır. Bu şirkətlər qazanc məqsədli qurulan korporasiyalar olduğu üçün onların bu addımı çox da təəccüblü deyil.
Türkiyədə dövlət provayderi olan “Türk Telekom”un ən aşağı limiti də 25 manat kimi təyin olunub. Yəni onlarda da 100 meqabitlik limit 25  manatdır. Amma Gürcüstanda bizdən daha bahadır. 
Ona görə də bu regionda Azərbaycan digər qonşu ölkələrdən qabağa keçmir, orta balansda gedir”. 

Rəqəmsallaşma və dövrün tələbləri barədə danışan mütəxəssis vurğulayıb ki, bu sahədə mövcud xidmətlərin əhaliyə daha keyfiyyətli təqdim olunması üçün internetin sürəti qalxmalıdır:

“Kiçik limitli internet paketləri olduğu halda uzaqdan iş sistemi, onlayn təhsil, sosial şəbəkələrdə keyfiyyətli kontentlər izləmək, smart televizorlar və başqa rəqəmsal alətlərdən istifadə etməkdə problemlər yaranırdı. Vətəndaşların internetlə bağlı bu problemlərinin həll edilməsi məqsədi ilə, atılan addımlar həm texniki, həm də  iqtisadi fəallıq baxımından yüksək qiymətləndirilir”.

Ən sərfəli krediti almaq üçün müraciət et