"Instagram"a 405 milyon avro cərimə kəsilib | Banco.az

"Instagram"a 405 milyon avro cərimə kəsilib

Tamara Mustafayeva, Banco.az

İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (DPC) ABŞ-ın texnologiya şirkəti "Meta"ya məxsus sosial media platforması "Instagram"ı Ümumi Məlumatların Qorunması Qaydalarını (GDPR) pozduğuna görə 405 milyon avro məbləğində cərimələyib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, İrlandiya Məlumatların Mühafizəsi Komissiyasının sözçüsü, "Biz yekun qərarımızı ötən cümə günü vermişik və bura 405 milyon avro cərimə daxildir", deyə açıqlama verib.

Məlum olduğu kimi, DPC 2020-ci ilin sentyabr ayında "Instagram" sosial media platformasında yetkinlik yaşına çatmayan gənclərin hesab məlumatlarının necə idarə edilməsi ilə bağlı araşdırma başlatmışdı. Araşdırma zamanı İrlandiya rəsmilərinin əsas diqqəti "Instagram"ın 13-17 yaş arası istifadəçilərin e-poçt ünvanları və telefon nömrələri də daxil olmaqla şəxsi məlumatlarını necə saxladığına yönəlib. Həmçinin "Instagram" istifadəçi qeydiyyatı sisteminin hesabın məxfilik parametrləri "məxfi" olaraq təyin olunmadığı halda, uşaq hesablarının defolt rejimdə "hər kəsə açıq" olaraq təyin edilməsi ilə nəticələnib-nəticələnmədiyi də araşdırılıb.

Qeyd edək ki, sözügedən cəza Avropa İttifaqının (Aİ) ciddi məxfilik qaydalarına əsasən tətbiq edilən ikinci ən böyük cərimədir. Bundan əvvəl isə Lüksemburqdakı Məlumatların Qorunması Komissiyası "Amazon" şirkətini 746 milyon avro cərimələmişdi.

Ən sərfəli kredit üçün müraciət et

"Instagram"ın ana şirkəti "Meta"nın sözçüsü isə açıqlamasında aşağıdakı ifadələrə yer verməklə məsələyə münasibət bildirib:

"Bu araşdırma bir il əvvəl yenilədiyimiz köhnə parametrlərə əsasən aparılıb və o vaxtdan bəri platformada yeniyetmələrin təhlükəsizliyini təmin etmək və məlumatlarını gizli saxlamağa kömək etmək üçün bir çox yeni funksiyalar işə salınıb. Belə ki, hazırda 18 yaşından kiçik hər kəs "Instagram"a qoşulduqda onların hesabı avtomatik olaraq şəxsi hesab edilir ki, yalnız tanıdıqları şəxslər nə yayımladıqlarını görə bilir, bununla yanaşı, böyüklər onları izləməyən yeniyetmələrə mesaj göndərə bilmir. İstintaq müddətində DPC ilə əlaqə saxlamış olsaq da, bu cərimə ilə razı deyilik və apellyasiyaya müraciət etməyi düşünürük."

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et