İnsanlarla tanış olmaq üçün yolda olmağı seçən səyyah - MÜSAHİBƏ | Banco.az

İnsanlarla tanış olmaq üçün yolda olmağı seçən səyyah - MÜSAHİBƏ

Baba Nəbili: “Səyahət zamanı insan özü ilə barışıqda olmalıdır” 

 

Dostları ona "dünyanı fəth edən adam” kimi müraciət edirlər. O isə özünü dünyalı hesab edir. Deyir ki, yola dincəlmək üçün çıxmır. Yolda olmasının ən böyük səbəbi çətini anlamaq, yeniliklər görmək, insanlarla tanış olmaqdır. Müsahibimiz gənc səyyah Baba Nəbilidir.

 

 

 
- Dünyanı fəth etməyi  arzulamaq necə hissdir? Sizcə, mümkündür?
- Bu istək uşaqlıqda uzaqlara getmək arzusu ilə başladı. Sonradan bu arzu yeni şeylər öyrənmək, kəşf etmək istəyi ilə əvəz olundu. "Dünyanı fəth etmək” istəyi hər kəsə görə fərqli məna kəsb etsə də, mənim üçün kainatı anlamaq mənasındadır. Dünyanı anlamaq çatılacaq bir nöqtə deyil, gediləcək yoldur. Tarix boyu hər kəs mümkünsüzlərin arxası ilə gedib. Evliya Çələbinin ölümsüzlük suyunu axtarmaq üçün dünya turuna çıxmağı da, yarı əfsanə, yarı həqiqətdir. Ümumiyyətlə, bu günün axmaqlığı 100 il sonranın milyonları deməkdir. Mümkünsüzlər isə yoxdur. 
 
 
- Universitetə qədər Bakıdan kənara çıxmayıbsınız. Bəs "dünyalı” olmaq fikri necə yarandı?
- Bakı doğulduğum, böyüdüyüm şəhərdir. Şəhər olaraq mənim üçün əzizdir. Amma Gəncəyə oxumağa gəlməsəydim, bəlkə də hələ də dünyanı bütövlükdə sevməzdim. Hicrət etmək bizim dinimizdə də var. Dünyalı olmaq isə bir növ ekoloji anlayışdır. Məsələn, siz Rusiya meşələrində ağaclar qırılır, Skandinaviya buzlaqları əriyir, ən çox hava korlanması Yaponiyadadır deyə, bütün olanları göz ardı edə bilməzsiniz. Hətta bunlar düşmən saydığımız ölkələrdə olsa belə. Çünki, bütün bunlar bizi bilavasitə əhatə edir. Evimizin bir olduğunu anlayandan sonra, insanların da eyni olduğunu başa düşmək elə də çətin olmur.  Ümumiyyətlə, məsələlərə hadisələrin içindən baxmaqla kənardan baxmaq insana tamam başqa nəticələr verir. Səyahətlər mənə problemlərə kənardan baxmağa, dünyamızı kənardan görməyə kömək edir.
 
- 13 ölkə, 60 şəhər gəzibsiniz. Məsələn, Gəncədən xoşunuz gəldiyinizə görə, orada yaşayıbsınız. Heç olubmu ki, hansısa ölkəni də Gəncə kimi tərk etmək istəməyəsiniz? 
- Gəncə mənim evim olub. Tələbəlik, yeniyetməlik illərinin ən gözəl vaxtlarını orada keçirmişəm. Gəncə kimi vurulduğum digər şəhər İstanbuldur. Amma digər tərəfdən, hər bir şəhər müəyyən xüsusiyyətlərinə görə mənə özünü sevdirib. Rio-De-Janeyro dənizlər və sosial azadlığı, Nyu-York fərqliliyi, Lima əyləncə və rəqsləri, Lyublyana yaşıllığı, Tbilisi isə yaxınlığı ilə.  Məni isə şəhərlərdən çox insanlar cəlb edir. Məsələn qonaqpərvərliyi və yardımsevərliyi ilə kolumbiyalılar, praqmatikliyi ilə amerikalılar, dürüstlüyü ilə braziliyalılar, dostcanlılığı ilə kataloniyalılar. 
 
 
- Səyahət etməyin çətinlikləri nələrdir?
- Səyahət və istirahət etmək anlayışlarını həmişə izah edib cavablamağa başlayıram, çünki hekayənin başlanğıcını bilməyənlər üçün sonluq da əhəmiyyət kəsb etmir. 
 
Birincisi, mən dincəlmək üçün yola çıxmıram. Yolda olmağımın ən böyük səbəbi çətinliyi anlamaq, yeniliklər görmək, insanlarla tanış olmaq, bir növ dünyanı fəth etməkdir. Bu cür səyahətlərdə insan özü ilə barışıqda olmalıdır. Qabağına çıxan hər bir çətinliyin keçici olduğunu bilməlidir. Mən buna "problemsizlik paradoksu” adı vermişəm. Problemsizlik paradoksu - yəni nə edirsiniz edin, problemdən qaçmaq mümkün deyil. Problem bizim həyatımızda olan boz enerjidir. Bu enerji heç vaxt yox olmur. Bir vəziyyətdən başqa bir vəziyyətə keçir. Eyni ilə problemsizliyin özü belə problemdir. "Bu paradoksal enerjini necə həll etmək olar” sualı isə yəqin ki, hamını maraqlandırır. Problemlər öyrədir. Çətinliyi problem yox, əla təcrübə kimi qəbul etmək və bacardığın qədər həlli yolunda addım atmaq lazımdır.
 
İkincisi, sufi fəlsəfəsinə görə, hər problem səni bir sonrakı mərhələdə gələcək olan hadisə üçün hazırlayır. Problem varsa, sual var və bu sualı cavablandırmaq lazımdır. Hətta cavablandırmaq yetməz, ən yaxşı cavabı tapmalısan.
 
Üçüncüsü, problemin həlli mümkün deyilsə buna görə narahat olmağa dəyməz, əgər həlli mümkündürsə, o zaman da narahat olmağa dəyməz, həll etməyə başlamaq lazımdır.
 
Problemlər mənfi tərəfdir, amma elə həmin problemlər də müsbətdir. Çünki geri qayıdanda ya da yoluna davam edəndə onlar da səninlə qalır. Yalnız olmursan.
 
 
- Hansı ölkədə hansı yerə dəfələrlə getsəniz də, oradan doymursunuz?
- İstanbulda dəfələrlə olmuşam, orada oturub dənizi izləmək insana rahatlıq verir. 
 
- Bu günə qədər getdiyiniz yerlər içində sizə ən çox təsir edən və unuda bilmədiyiniz ölkə haradır və nə üçün?
- Peruda Uakaçina olub. Səhranın ortasındakı balaca qəsəbə, "oazis” idi. Ora yenidən qayıtmaq istəyərəm. Ümumilikdə hər şəhərin öz xatirəsi var.
 
- Bəs "bura heç vax getməyin” deyəcəyiniz yer varmı?
- Zirvəyə, dağlara qalxanda hər dəfə özümə bu sözü vermişəm: bir də bura gəlməyəcəyəm. Komfort zonasından çıxdıqca, narahat olmağa başlasan da, insan yeni şeylər öyrənməyə cəhd göstərir. "Bura heç vaxt getməyin” deyəcəyim yerlər Kolumbiyadakı ara küçələrdir. Yerli insanlar yanını

Ən sərfəli kredit üçün müraciət et

zda olmasa, bunu sınamayın.
 
 
 
- "Özümü hansısa yerə məxsus hiss etmirəm” fikri sizcə, insan üçün mənfi haldır, yoxsa müsbət? Özünü bir yerə məxsus hiss etməməyin çətinlikləri nədir?
- İndiyə qədər getdiyim ölkələrdə rastlaşdığım bütün insanlar  yaşadıqları yeri yaradılışın mərkəzi, öz millətlərini isə xüsusi seçilmiş sayırlar. Amerikalılar deyir ki, dünya amerikalılarındır. Azərbaycanlılar özlərini hamıdan üstün sayır. Türklər deyir şanlıyıq. Ermənilər deyir ən əvvəl biz yaranmışıq. İsrail isə özünü yaradılışın mərkəzi və dünyanın sahibi hesab edir. Bilirəm, dediklərim qəbuledilməz ola bilər. Sadəcə, dünya qəbul etməlidir ki, biz bərabərhüquqluyuq. Radikallıq isə mənim üçün axmaqlıqdır. İstər futbolda, istər siyasətdə, istər dində. Dünyanı bir ev, küçələri isə otaqlar kimi təsəvvür edə bilirsiniz ? Bütün bu evdə yaşayanlar böyük ailənin sakinləridir. Bir insan dayısını xarakterinə görə sevməyə bilər, amma eyni evdə yaşayırlarsa, bir-birilərini qarşılıqlı tərzdə anlayıb, hörmət etməyə məcburdurlar. Bunun üçün isə insan öz təməllərini və məqsədlərini təyin etməlidir.
 
 Bu işin çətinliyi qəbuledilməzliyindədir. İnsanlar hər dəfə bi məsələ ilə bağlı tənqid etmək, təklif vermək əvəzinə, təhqir etməyi seçirlər. Ümumi olaraq isə başqalarının düşüncə azadlığını limitləyən insanlar, sosial və hüquqi azadlıqdan danışırlar. Bunun özü isə ağlasığmazdır.
 
 
- Adətən, səyahətçilər deyir ki, insan səyahət etdikcə, bu, onda vərdişə çevrilir, daim harasa getmək istəyir, uzun müddət bir yerdə dayana bilmir...
- "Bəlkə də səyahət etməyə gərək olmayan bir dünya qurmalıyıq özümüz üçün” fikrinə rast gəlmişdim. Səyahətçilər bir yerdə dayanırlar. Özlərinə lazım olanı tapdıqları yerdə. Buna əminəm.
 
- Gəzdiyiniz ölkələrdən hansı sizi daha çox təəccübləndirib?
- Braziliyada – Rio-De-Janeyro karnavallarında olduğum vaxt çox təəccüblənmişdim. Gecə karnavalların ikinci hissəsini görməyə getmişdim. Rəsmi hissəsi böyük maskotlar, qəribə geyimlərlə diqqət çəkirdi. Bu ərəfələrdə demək olar ki, hər küçədə, hər küncdə yeni nəsə tapmaq olur. Bu, təkcə musiqi və ya əyləncə ilə əlaqəli deyil. Rəqslərindən, musiqilərindən və davranışlarından insana elə gəlir ki, sosial azadlığın ən yüksək həddinə çatıblar. İnsan bədəninin utanc gətirəcək bir şey olmadığını göstərən adamları gördükcə, elə fikirləşirdim ki, -Rio-De-Janeyrdo yaşayanların ana-bacıları yoxdur? Ya da səbəb çox sadədir. Bərabər hüquqlu olduqları üçün hər kəsin məsuliyyətini öz üzərinə almağı gərək görmür və artıq məsuliyyət yükü götürmədən həyatı daha da rəngarəng etməyə çalışırlar. Çəhrayı yubka geyən oğlanlar, gecəlikdə gəzən kişilər, üstündəki bütün ağırlığı atan qadınlar. Möhtəşəm olan, bunun seksual tərəfi deyil, insanların rahatlıqlarıdır.
 
- Hansı ölkənin mətbəxini sevirsiniz və hansı sizə təəccüblü gəlib?
- Yeməklərlə aram yaxşıdır. Ac olanda gözümə heç nə görünmür. Yemək mədəniyyətinə fokuslanmamışam. 
 
 
- Səyahətlərinizdə unutmadığınız hadisə...  
- Səyahətlərin həmişə gözəl xatirələrdən ibarət olduğunu fikirləşirdim. Tarixi yerlər, qəşəng mənzərələr, gecə klubları... Bilmirəm, yanlış anlaşılmaqdan qorxduğum üçünmü, yoxsa yanlış anlatmaqdan qorxduğum üçün olanları yazıb-yazmamaq barədə çox fikirləşmişəm. Boqotada 4-cü günüm idi. Məni müşayiət  edən qızın iş saatı bitəndən sonra, axşam rəqsə getməyi planlaşdırmışdıq. Mən isə şəhərə çıxıb gəzdikdən sonra "Centro Salitre Plaza”ya girmişdim. Hədiyyəlik bəzi əşyalar alıb, özümü əlidolu taksiyə atdım. Havanın təzə-təzə qaralmağa başlayan vaxtı idi. Sürücü 45-50 yaşlarında bir kişi olardı. Hər taksiyə minəndə ürəyimə yatmayan vəziyyət olan kimi şəklini çəkirəm. Bu dəfə xəritəyə baxdığım üçün başım qarışdı. Gedəcəyim yol maksimum 10 min peso - 3 dollar edirdi, amma gördüm ki, yolun üçdə birini gəlmişik, artıq sayğac 12 min pesodan çox yazıb. Sürücü yolu məndən soruşur, gah ara küçələrə salır, gah da 2 küçə o tərəfdən dönüb təzədən eyni tərəfə qayıdırdı. Mən də xəritəyə baxa-baxa əsəbiləşirdim. Ara küçələrin birinə dönən kimi maşını saxlatdırdım. Sayğacda 16  min peso yazılmışdı. 10 min peso verib, əlimdəkiləri qucaqlayıb özümü maşından çölə atdım. Amma hiss elədim ki, nəsə yolunda deyil. Baxdım ki, telefonum yoxdur. Təzədən maşına soxulub cibimdəki bıçağı üstünə çəkdim. Nə yalan deyim, qorxudan da əlim əsirdi, ingilis, ispan dillərini qarışdırmışdım bir-birinə. Qışqırdım ki, telefonumu ver. Əvvəlcə bilmədim nə dedi, tez-tez ispanca danışırdı. Bir az qışqır-bağırdan sora "bilmirəm” dedi. Sonra polis çağıracağımı dedim. Açığı, olanlardan sonra elə bir niyyətim də yoxu idi, amma qorxudan ilk ağlıma bunu demək gəldi. Polis çağıracağımı eşidən kimi telefonu verdi. Başqa taksiyə minib evə qayıtdım. Bundan sonra məcbur qalmadıqca, taksilərdən uzaq dururam.
 
- Səyahətə başlamaq istəyən insanlara nə məsləhət görürsünüz?
- Məncə, səyahət etmək istəyənlər üçün bir neçə vacib amil var. Öncə çoxlu video və fotolara baxmalıdırlar. Davamlı izləmək insanları həvəsə gətirir və arzuları alovlandırır. Dünyanı gəzmək istəyən insanların hamısının ortaq nöqtəsi ailəsindən icazə almaqdır. Çoxunun ortaq nöqtəsi həm də odur ki, özlərini kasıb, səyahət edənləri isə varlı hesab edirlər.
 
kaspi.az