Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyada işsizlik nisbəti mart ayında 0,1% artım göstərib.
Banco.az xəbər verir ki, İngiltərə Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, Böyük Britaniyada məşğulluq nisbəti mart ayında 0,2 faiz artaraq 75,9 faiz təşkil edib. Bu artım ötən 3 ay ərzində yarımştat və ştatdankənar işləyənlərin sayının çoxalması ilə əlaqədardır.
Ölkədə ötən 12 ayda işsiz əhalinin sayının artması ilə bağlı olaraq mart ayında işsizlik nisbəti isə 0,1 faiz artımla 3,9 faiz hesablanıb.
Bununla yanaşı, məlumatlar göstərir ki, ilin ilk rübündə ölkədə orta əmək haqqı artımı 5,8 faiz, müntəzəm əmək haqqı artımı isə 6,7 faiz qeydə alınıb. Bu nisbət özəl sektorda 7 faiz, dövlət sektorunda isə 5,6 faiz hesablanıb.
Xatırladaq ki, Böyük Britaniyada mart ayında inflyasiya 10,1 faiz təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!