İngiltərə Bankı Kral III Çarlzın təsviri olan əskinası təqdim edib | Banco.az

İngiltərə Bankı Kral III Çarlzın təsviri olan əskinası təqdim edib

Müəllif:Ayşən İmanova/Banco.az

İngiltərə Bankı III Çarlzın  təsviri olan və Böyük Britaniyada iyunun 5-dən dövriyyəyə buraxılacaq yeni əskinasları nümayiş etdirib.

Banco.az xəbər verir ki, krala onun portretinin təsvir olunduğu 5, 10, 20 və 50 funt-sterlinq nominallı əskinaslar göstərilib.

Bukingem Sarayının məlumatına görə, İngiltərə Bankı 1960-cı ildə Kraliça Yelizaveta əskinasda görünən ilk monarx olduqdan sonra ilk dəfə olaraq banknotda kralın şəklini dəyişib. Eyni zamanda üzərində Kraliça II Yelizavetanın təsvir olunduğu əskinasların da dövriyyədə qalacağı bildirilib.

Monarxın portreti 2013-cü ildə çəkilmiş fotoşəkildən götürülüb. II Yelizavetanın dövründə buraxılmış əskinaslardan fərqli olaraq, kral tacsız təsvir edilmişdir.

Qeyd edək ki, III Çarlz 10 sentyabr 2022-ci ildə anası Böyük Britaniya kraliçası II Elizabetin ölümündən sonra rəsmi olaraq monarx elan edilib.