Müəlif:Ayşən İmanova/Banco.az
Amerikalı sahibkar və “Tesla” şirkətinin rəhbəri İlon Maskın sərvəti 33,5 milyard dollar artaraq 270,3 milyard dollara çatıb.
Banco.az xəbər verir ki, onun sərvətinin artması “Tesla” səhmlərinin dəyərinin 22% artması ilə əlaqələndirilir. Bu, avtomobil istehsalçısının 2023-cü ilin yayından bəri ən yüksək rüblük mənfəəti və 2025-ci ildə avtomobil satışlarında 30% artım proqnozu ilə əlaqədardır.
“Forbes” jurnalının versiyasına görə, İlon Mask üçüncü ildir ki, ən zəngin amerikalılar siyahısına başçılıq edir. Hazırda o, “Amazon”un qurucusu Ceff Bezosu 61 milyard dollar qabaqlayır. Siyahıda üçüncü yerdə 181 milyard dollar sərvət ilə “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq qərarlaşıb.
Qeyd edək ki, Mask bizneslə yanaşı, ABŞ-nin siyasi həyatında da fəal iştirak edir. O, qarşıdan gələn seçkilərdə Donald Trampı dəstəkləyir və Respublikaçı namizədi dəstəkləyən siyasi komitə yaratmaq üçün 75 milyon dollar ayırıb. Tramp isə öz növbəsində seçkilərdə qalib gələcəyi təqdirdə Maskın administrasiyasında vəzifəyə təyin oluna biləcəyini qeyd edib.