Tamara Mustafayeva, Banco.az
"Twitter"i almaq üçün əvvəlki təklifini geri götürən İlon Maskın bu məsələyə yenidən qayıdaraq əvvəllər verdiyi təklif qiymətini azaltmaq üçün danışıqlar apardığı bildirilir.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, anonim mənbələrin məlumatına görə, Maskın nümayəndələrinin daha əvvəl irəli sürdüyü səhm başına 54,20 dollar təklifdən aşağı qiymət üçün danışıqlar aparırdığı məlum olub.
Bu xəbər "Wall Street Journal" və "New York Times" nəşrlərində də yer alıb. "New York Times"a görə, Mask 30 faiz endirim istəyib.
"Reuters" isə Maskın razılıq əldə etmək üzrə olduğunu yazıb.
Xatırladaq ki, daha əvvəl "Twitter"in 9,2 faizlik səhmini satına alan İlon Mask aprelin 14-də ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi bildirişdə şirkətin hər səhminə 54,2 dollar təklif etmişdi.
Aprelin 25-də "Twitter"dən verilən açıqlamada şirkətin Maska satılması ilə bağlı razılığın əldə edildiyi bildirilsə də, mayın 13-də İlon Mask sosial media şirkətini təqribən 44 milyard dollara satın alma müqaviləsinin müvəqqəti olaraq dayandırıldığını elan etmişdi.
İyulun 8-də isə Mask bir çox müddəaların pozulduğunu əsas gətirərək "Twitter"i satın almaq müqaviləsini ləğv etdiyini açıqlamış, "Twitter" da müqaviləni ləğv etdiyi üçün Maskı məhkəməyə vermişdi.
Sözügedən məhkəmə prosesi isə oktyabrın 17-də başlamalı idi.
Bizi sosial şəbəkələrdən izləyin!!