İlon Mask "Twitter"a yeni təklif irəli sürüb | Banco.az

İlon Mask "Twitter"a yeni təklif irəli sürüb

Tamara Mustafayeva, Banco.az

"Tesla" və "SpaceX"in baş direktoru İlon Maskın məhkəməlik olduğu sosial media şirkəti "Twitter" üçün yenidən təklif irəli sürdüyü və bu təklifdə səhm başına 54,2 dollarlıq qiyməti dəyişmədiyi iddia edilib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, anonim mənbələrə əsaslanan məlumata görə, Maskın bu təklifi "Twitter"a yazdığı məktubda etdiyi bildirilib.

Sözügedən xəbərlə birlikdə "Twitter"in səhmləri 18 faizə qədər dəyər qazanıb.

Xatırladaq ki, daha əvvəl "Twitter"in 9,2 faizlik səhmini satına alan İlon Mask aprelin 14-də ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi bildirişdə şirkətin hər səhminə 54,2 dollar təklif etmişdi.

Aprelin 25-də "Twitter"dən verilən açıqlamada şirkətin Maska satılması ilə bağlı razılığın əldə edildiyi bildirilsə də, mayın 13-də İlon Mask sosial media şirkətini təqribən 44 milyard dollara satın alma müqaviləsinin müvəqqəti olaraq dayandırıldığını elan etmişdi.

İyulun 8-də isə Mask bir çox müddəaların pozulduğunu əsas gətirərək "Twitter"i satın almaq müqaviləsini ləğv etdiyini açıqlamış, "Twitter" da müqaviləni ləğv etdiyi üçün Maskı məhkəməyə vermişdi.

Sözügedən məhkəmə prosesi isə oktyabrın 17-də başlamalı idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram