Tamara Mustafayeva, Banco.az
Elektromobil istehsalçısı "Tesla" şirkətinin sahibi İlon Mask çip böhranı və logistika ilə bağlı yaranan problemlərin şirkətin inkişafı üçün risk faktoru yaratdığını açıqlayıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, milyarder iş adamı İlon Mask Texasın Ostin şəhərində baş tutan "Tesla" səhmdarlarının illik iclasında bir sıra vacib məqamlara toxunub. O, şirkətin inkişafına mane ola biləcək amillərdən bəhs edərkən aşağıdakı ifadələrdən istifadə edib:
"Çox möhtəşəm bir ili geridə qoyduq, rekord səviyyədə satış həyata keçirdik. Bu dinamikanı davam etdirmək üçün şansımızın olduğunu düşünürəm. Ancaq əsas məsələ çip tədarükünü təmin etməkdir. Cari çip çatışmazlığının yaxın dövrlərdə azalacağına ümid edirəm, bununla belə, satış həcmini hələ bir müddət 50%-dən yuxarı həddə saxlaya biləcəyimə inanıram."
Mask 3-cü rübdə üzləşdikləri əsas çətinliklərdən birinin də kifayət qədər gəmi tapa bilmədikləri olduğunu söyləyib.
Qeyd edək ki, iclasda həmçinin "Tesla" şirkətinin baş qərargahının Kaliforniya ştatından Texasa köçürüləcəyi də elan edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!