Müəllif:Mehin Qasımova,Banco.az
İlon Mask Texasda inşa ediləcək “Terafab” çip istehsalı müəssisəsinin layihəsini təqdim edib.
Banco.az xəbər verir ki, sahibkar sosial şəbəkədə zavodun görüntülərini paylaşaraq onun Yer kürəsindəki ən böyük və ən dəyərli bina olacağını bildirib.
Mask “X” platformasında layihəyə dair video yayımlayıb. Onun sözlərinə görə, “Terafab Texas” gələcəkdə nəhəng miqyasda çip istehsalını həyata keçirəcək.
Məlumata əsasən, zavodun ümumi sahəsinin təxminən 9,3 milyon kvadratmetr olması planlaşdırılır. Bu göstərici reallaşarsa, “Terafab” dünyanın ən böyük çip istehsal müəssisəsinə çevriləcək.
İstehsal olunacaq çiplərin müxtəlif yüksək texnologiyalı layihələrdə istifadə edilməsi nəzərdə tutulur. Onların Optimus humanoid robotları, Cybercab robotaksiləri və SpaceX-in kosmik məlumat mərkəzləri üçün nəzərdə tutulduğu bildirilir.
Layihənin reallaşması ABŞ-da qabaqcıl çip istehsalının genişləndirilməsi və Maskın şirkətlərinin süni intellekt, robototexnika və kosmik texnologiyalar sahəsində ehtiyac duyduğu çiplərin daxili istehsalının artırılması baxımından mühüm addım hesab olunur.
