İlon Mask açıqladı - "Starlink"ə 30 milyard dollar lazımdır | Banco.az

İlon Mask açıqladı - "Starlink"ə 30 milyard dollar lazımdır

Tamara Mustafayeva, Banco.az

İlon Maska məxsus "Starlink" peyk interneti layihəsi uğur qazanmaq üçün 30 milyard dollara yaxın maliyyə dəstəyinə ehtiyac duyur.

Banco.az xarici mətbuata istinadla bildirir ki, çərşənbə axşamı Barselonada keçirilən Mobil Dünya Konqresində video-bağlantı vasitəsilə çıxış edən İlon Mask sahib olduğu "SpaceX" şirkəti tərəfindən reallaşdırılan "Starlink" layihəsinin biznes xərclərinin təmin edilməsi üçün 20-30 milyard dollar aralığında bir məbləğin tələb olunduğunu söyləyib.

Konfrans zamanı Mask həmçinin bildirib ki, şirkət "Starlink" terminallarına görə maliyyə itkisi ilə üzləşib. Belə ki, Maska görə, sözügedən terminalların quraşdırılması 1000 dollara başa gəlir, ancaq şirkət onları 500 dollara satır ki, bundan əlavə 99 dollarlıq aylıq abunə haqqı da tətbiq edilir. Odur ki, şirkət yaxın zamanda daha aşağı hazırlanma xərclərinə malik yeni model terminallar buraxacaq.

Tanınmış milyarder "Starlink" layihəsi üzrə ölkənin adını açıqlaya bilməyəcəyi iki aparıcı telekommunikasiya şirkəti ilə əməkdaşlığa başladıqlarını da vurğulayıb. 

"Müflis olmadığımız təqdirdə, düşünürəm ki, buradan uğurla davam edə bilərik."

Xatırladaq ki, Mask daha əvvəlki açıqlamalarında müflis olmaqdan yayınmağın istənilən yüksək sürətli internet peyki şirkəti üçün əsas çətinlik olduğunu bildirmişdi.

Onu da qeyd edək ki, İlon Mask ötən həftə rəsmi Twitter səhifəsindən hazırda "Starlink"in 69,420 aktiv istifadəçisi olduğunu açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram